“Finlandiya ilə oyunda məni təəcübləndirən o oldu ki...”
06.09.2009 - 20:50
“Finlandiya ilə oyunda məni təəcübləndirən o oldu ki...”
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Öncə Finlandiya ilə oyun haqda fikirlərinizi öyrənmək istərdik.
- Qarşılaşmaya yaxşı başlamışdıq. 70-ci dəqiqəyədək hər şey yaxşı gedirdi. Hesabı açıb, böyük üstünlük qazanmışdıq. Ancaq əlverişli nəticəni sonadək qoruya bilmədik. Bəxtimiz gətirmədi.

- Necə düşünürsünüz, hesabı qoruya bilməməyimizə səbəb nə oldu?
- Yəqin ki, birinci qolu heç nədən buraxmağımız uşaqları ruhdan saldı. Ardından toparlanmağı bacarmadıq və qapımızda ikinci qolu gördük.

- Sizə elə gəlmir ki, ikinci qolu da elə heç nədən buraxdınız?
- Deyirəm də, finlərlə görüşdə bəxt bizim tərəfimizdə deyildi. Qrup mərhələsində ilk dəfə fərqlənirdik ki, yenə də məğlub olduq. Bəxtimiz yoxdur da.

- Hücumçu olsanız da, “Qarabağ”ın heyətində Avroliqada keçirdiyiniz 6 matçda, həmçinin yığmanın son oyunlarında qol vura bilməmisiniz. Bu amil sizi narahat etmir ki?
- Həmişə öz üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışıram. Həm “Qarabağ”da, həm də yığmada komanda yoldaşlarıma məhsuldar ötürmələr vermək əsas vəzifəmdir. Mənim üçün ən əsası komandanın uğurudur.

- Finlərlə matçda sizi ən çox təəccübləndirən nə oldu?
- Məni təəcübləndirən o oldu ki, qol vurduqdan sonra yenə irəli gedirdik (gülür). Hesabda önə keçməyimizə baxmayaraq, istəyirdik ki, ikinci qolu da vuraq. İrəliyə getmək yaxşı haldır...

- Axı, nəticə pis oldu. İrəli getməklə yanaşı, arxa xəttə də qayıtmaq lazımdır.
- Heyif ki, bəxt amili həlledici rol oynadı.

- Qarşıdan Almaniya ilə oyun gəlir. Bu matçdan nə gözləyirsiniz?
- Almanlarla görüşə hələ 3 gün var. O vaxta qədər yəqin ki, özümüzə gələrik. İnşallah, Almaniyaya qarşı layiqli müvavimət göstərərik.

- Finlandiya ilə oyunda nəhayət, seçmə mərhələdə birinci qolumuzu vurduq. Siz Almaniyanın qapısına da yol tapmağa söz veririsiniz?
- Finlərlə görüşdən öncə bildirmişdim ki, yığmamızda irəliləyiş var. Ötən ay Bakıda Almaniya ilə qüvvəmizi sınayanda, qol epizodları yaratsaq da, bunları reallaşdıra bilməmişdik. O zaman demişdim ki, tələsməyin növbəti oyunlarda qol vuracağıq. Ümidvaram ki, qarşıdakı matçlarda da rəqibləri məyus edəcəyik. Konkret almanlarla görüşə gəlincə, qol vurmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Adımı tabloya yazdıra bilməsəm də, heç olmasa, məhsuldar ötürmə müəllifi olmaq istəyirəm. Nailiyyət əldə etmək üçün vaxt lazımdır. İstər əcnəbi, istərsə də yerli baş məşqçi olsun, ona möhlət verilməlidir. Bir ilə yüksək nəticə qazanmaq qeyri-mümkündür.

- Əgər seçmə mərhələni qələbəsiz başa vurmaq üzrəyiksə, buna inkişaf demək olar?
- Bu dəfəki seçmə mətrhələdə qələbə qazanacağıq.

- Kimi məğlub edəcəyik?
- Rusiyanı öz meydanımızda üstələyə bilərik. Lixtenşteynə səfərdə qalib gəlmək şansımız var. Lap elə almanlarla oyunda sensiya yaratmaq mümkündür. Müasir futbolda belə hallara tez-tez rast gəlinir.
0