Yoahim Löv: ... Azərbaycanla görüşü də nəzərdə tuturam
07.09.2009 - 10:09
Yoahim Löv: ... Azərbaycanla görüşü də nəzərdə tuturam
“Yəqin ki, qarşıdakı rəsmi görüşümüzün Azərbaycanla olmasını unutmamısınız. Hər halda, mən buna ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Sentyabrın 9-da Hannover şəhərində milli komandamızla görüşəcək Bundestimin həlledici görüşü oktyabrın 10-da səfərdə Rusiya yığması ilə olacaq. Ancaq Löv hadisələri qabaqlamağı məqsədəuyğun saymır: “Ruslarla oyun haqda danışmaq hələ tezdir. Bizim buna qədər Azərbaycanla görüşümüz var. Əvvəlcə bu yığma ilə oyunda nəticə qazanmalıyıq”.

Milli komandamızla oyuna son hazırlıq çərçivəsində Leverkuzen şəhərində Cənubi Afrika Respublikasının yığması ilə yoldaşlıq görüşü keçirən almanlar 2:0 hesabı ilə qalib gəlib. Löv qol və məhsuldar ötürmə ilə qələbədə əsas pay sahiblərindən olan əslən türkiyəli olan yarımmüdafiəçi Məsut Özili xüsusilə qeyd edib: “Komandamızda daha çox bu futbolçunu fərqləndirərdim. 4-3-3 taktiki sxemi ilə oynayacağımızı əvvəldən müəyyənləşdirmişdik. Ancaq məhz Özil bu sxemə güc qatdı, bir neçə təhlükəli vəziyyət yaratdı. Ən əsası, Məsutda böyük potensial var. İnanıram ki, bu potensial qarşıdakı oyunlarda açılacaq. Mən bunu deyəndə təkcə Rusiya ilə yox, Azərbaycanla görüşü də nəzərdə tuturam. Axı biz Rusiyaya qədər bu yığma ilə görüşəcəyik”.
0