Vaqif Sadıqov: Biz bir şeyi başa düşməliyik ki...
10.09.2009 - 23:11
Vaqif Sadıqov: Biz bir şeyi başa düşməliyik ki...
Azərbaycan milli komandasının məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Yığmanın qapıçısı Kamran Ağayev Almaniya ilə oyundan sonra saytımıza verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, bəzi futbolçular bilərəkdən oynamırlar, qorxurlar və nəticədə belə biabırçılıq olur. Bununla tanış olmusunuz?
- Düzünü desəm, yox. Bakıya səhərə yaxın qayıtmışıq. Yorucu səfərdən sonra hələ ki mətbuatla tanış olmaq imkanım olmayıb.

- Hər halda, yığmanın məşqçisi kimi, futbolçunun səsləndirdiyi fikirlərə münasibətinizi bilmək maraqlı olardı...
- Kamranın söylədikləri ilə razı deyiləm. Deməzdim ki, milli komandada vəziyyət belədir. Əksinə, ab-hava çox yüksəkdir. Hər bir futbolçu üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün əlindən gələni edir. Almaniya ilə oyunun ilk hissəsində yığmamız yaxşı təsir bağışladı. Futbolçularımız baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdı. Ancaq ikinci hissənin əvvəlində kapitanımız Samir Abbasov qırmızı vərəqə alaraq meydandan çıxarıldıqdan sonra vəziyyət dəyişdi. Azlıqda qalan komandamıza işə düşən “alman maşını”nın qarşısını almaq artıq çətin idi. Hər halda, yığmamız sona qədər mübarizə aparmaqla, simasını itirməməyə çalışırdı.

- Bəs Kamran söylədikləri milli komandada ab-havanı poza bilərmi?
- Mən belə hesab etmirəm. Milli komandanın baş məşqçisi Berti Foqts Kamrana da böyük ümidlər bəsləyir. O, göstərdiyi öz oyunu ilə yenidən yığmamızın əsas qapıçısına çevrilib. Bəlkə də Kamran ağır məğlubiyyətdən sonra emosional olduğu üçün belə çıxış edib.

- Samir Abbasov saytımıza müsahibəsində bildirib ki, Saşa Yunisoğlu əsasən müdafiənin mərkəzində və cinahlarında oynadığı halda, Finlandiya və Almaniya ilə görüşlərdə dayaq yarımmüdafiəçisi mövqeyində yer aldı...
- Mən belə deməzdim. Foqts qarşıdakı rəqibləri təhlil edərək, buna uyğun taktika qururdu. Buna əsasən Saşa rəqibin hücumçularından biri ilə fərdi oynamalı idi. Bu, artıq ikinci oyundur belədir. Almaniya ilə görüşdə ona konkret Məsut Özil, Samirə isə Mario Qomes tapşırılmışdı.

- Sizcə, Saşa üzərinə düşən vəzifənin öhdəsində gələ bildimi?
- İlk hissədə buna nail oldu. Ancaq ikinci hissədə qırmızı vərəqə oyunumuza böyük təsir göstərdi. Bir nəfər azlıqda qalandan sonra artıq taktiki planda dəyişiklik etmək lazım gəldi.

- Bu oyunlara qədər Samir yığmada dayaq yarımmüdafiəçisi, Saşa mərkəz müdafiəçisi mövqeyində oynayırdı...
- Verilən taktiki tapşırığa əsasən, Samir hücumlarımızda iştirak etməli, bu zaman Saşa onu sığortalamalı idi. Futbolçunun mövqeyinin dəyişdirilməsində pis bir şey yoxdur. Əslində, futbolçu universal olmalıdır. Müasir futbol bunu tələb edir.

- Qrupumuzda 5-ci yer uğrunda əsas rəqibimiz olan Lixtenşteyn yığmasının Finlandiya ilə heç-heçə etməsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Biz 1:1-lik hesab haqda Almaniya ilə oyunun ilk hissəsindən sonra xəbər tutduq. Lixtenşteyn yığması son vaxtlar inamlı təsir bağışlayır və qazandığı nəticə bunun bəhrəsidir. Onlar Finlandiya ilə oyunda hesabı qorumaq fikrini gerçəkləşdirdilər. Ancaq heyf ki, biz Finlandiya ilə evdə buna nail ola bilmədik. Hərçənd, Lənkəranda güclü azarkeş dəstəyi altında keçən matçda hesabda irəli idik, nəticə qazanmağı çox istəyirdik. Buna çox çalışsaq da, sonda heç-heçəni qoruya bilmədik və uduzduq.

- Milli komandamızın baş məşqçisi olduğunuz dövrdən Lixtenşteyn sizə tanış rəqibdir. Bu rəqiblə qrupda son pillədən yaxa qurtarmaq üçün yalnız qələbə əldə etməliyik. Sizcə, rəqib meydanında buna nail ola bilərik?
- Bir şeyi başa düşməliyik ki, indi milli komandamızda tərəqqi hiss olunur. Gənc, sürətli komanda yaranır. Ancaq dediklərinizlə tamamilə razıyam. Biz nəticəni heç vaxt yaddan çıxarmamalıyıq. Qrupda sonuncu olmaq istəmiriksə, Lixtenşteynlə oyunda yalnız qələbə qazanmalıyıq. Bunun reallaşacağına inanırıq.

- Yeri gəlmişkən, yığmamız Lixtenşteynlə oyuna hazırlıq məqsədilə Frankfurtda təlim-məşq toplanışı keçəcək. Foqts Almaniyada qaldığı üçün komandanı onun vətəninə siz aparacaqsınız...
- Frankfurtdakı toplanış haqda hələ geniş məlumatımız yoxdur. Biz oyundan sonra hava limanına tələsirdik. Toplanışdakı məşqlər, yoxlama oyunu haqda hələ konkret məlumat verilməyib.