“Ağsaqqal” Azərbaycanı tərk etdi
11.09.2009 - 09:44
“Ağsaqqal” Azərbaycanı tərk etdi
Azərbaycan Premyer Liqasının ən yaşlı legioneri ölkəmizi tərk edib. Apasport.az saytının məlumatına görə, Zaqatalanın "Simurq" klubu ukraynalı futbolçusu Taras Çopiklə yollarını ayırmaq qərarına gəlib. Müqavilə hər iki tərəfin qarşılıqlı razılığı əsasında pozulub. 37 yaşlı qapıçı artıq vətəninə yollanıb.

Vitali Postranskinin transferindən sonra “Simurq”un heyətində “çərçivə”ni qorumaq üçün 4 qapıçı yer almışdı. Rəhbərlik bu qədər əlcək sahibini komandada saxlamağın yersiz olduğunu əsas gətirərək, Çopiklə vidalaşıb. İndi baş məşqçi Roman Pokoranın sərəncamında Postranskidən başqa, yerli qapıçılar Rauf Mehdiyev və Fuad Əhmədov qalıb.

Taras ümumiyyətlə cari mövsümün ən “qoca” legioneri idi. Fevralın 2-də 37 yaşını tamamlamış ukraynalı Premyer Liqanın “ağsaqqal”ları arasında yalnız “Karvan”dakı həmkarı, özündən 5 yaş böyük Nadir Şükürovdan geri qalırdı.

Qeyd edək ki, 2007-ci ilin yayında “Simurq”a keçən Çopik bu komandada 43 oyun (3780 dəqiqə) keçirərək, 30 qol buraxıb və 8 sarı vərəqə ilə cəzalandırılıb. Bunlardan 39 oyun (3510 dəqiqə) və buraxılan 28 top Premyer Liqaya, 4 matç (270 dəqiqə) və 2 qol isə Azərbaycan kubokuna təsadüf edib.
0