Böyükağa Ağayev: Bizim rəqiblər üçün “Neftçi”nin imici bəsdir
11.09.2009 - 14:58
Böyükağa Ağayev: Bizim rəqiblər üçün “Neftçi”nin imici bəsdir
“Muğan” bizə tanış komandadır. Yayda Türkiyənin Kartəpə vilayətində bir yerdə təlim-məşq toplanışında olmuşuq. Heyətində seçilən səviyyəli futbolçuları var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Ağayev deyib.

Azərbaycan Premyer Liqasının cari mövsümünün lideri olan flaqman IV turun mərkəzi görüşündə Salyanın “Muğan” klubunu qəbul edəcək. Ağayev bir neçə dəfə oyununu izlədiyi rəqibinin hazırda turnir cədvəlində 2-ci yerdə qərarlaşmasını təəccüblə qarşılamır: “Bu, ona görə mənim üçün sensasiya deyil ki, hazırda komandaların hamısı güclüdür. Bilirsiniz, çempionatın əvvəlində hamı bərabər səviyyədə olur. Ancaq mövsümün ortasına doğru mübarizə qızışdıqca səviyyə fərqi ortaya çıxacaq. Onda ustalıq səviyyəsi öz sözünü deyəcək. Kimdə ustalıq səviyyəsi yüksək olan futbolçular çox olacaqsa, o da uğur qazanacaq”.

Ağayevin fikrincə, “Muğan” kimi rəqiblərlə görüşdə psixoloji hazırlıqdan çox şey asılıdır: “Buna xüsusi diqqət yetiririk. Gərək psixoloji baxımdan hazır olasan ki, işin çətin olmasın. Qətiyyən arxayınlaşmaq olmaz. Bütün komandalar “Neftçi” ilə oyuna ciddi hazırlaşırlar. Rəqiblərimiz üçün elə “Neftçi”nin imici bəsdir. Baş məşqçilərə futbolçuları bizimlə oyuna psixoloji baxımdan hazırlaşdırmağa ehtiyac olmur. Çünki futbolçular “Neftçi”nin tək adına görə görüşə elə özü özlərini hazırlaşdırırlar. Təbii ki, “Muğan”la oyuna yalnız qalib gəlmək üçün çıxacağıq. “Neftçi” üçün hər bir oyunda bir məqsəd var – qələbə qazanmaq”.
0