Ağasəlim Mircavadov dəyişikliyə əl atdı
11.09.2009 - 16:50
Ağasəlim Mircavadov dəyişikliyə əl atdı
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində “Turan”la sabahkı ev oyununda meydana çıxmayacaq. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov klubun rəsmi saytına açıqlamasında 20 yaşlı futbolçuya həmin görüşdə əsas heyətdə yer verməyəcəyini bildirib.

Rahidin sonradan meydana çıxmaq şansı da azdır. Məsələ ondadır ki, “Xəzər-Lənkəran”ın milli komandamızdakı futbolçularından qapıçı Kamran Ağayevdən fərqli, Rahid heyətdə yer ala bilmədiyi üçün oyun praktikası baxımından ciddi problemlə üzləşib. Məhz bu səbəbdən Mircavadov Əmirquliyevi start heyətində meydana buraxmaq istəmir. Maraqlı məqam odur ki, perspektivli futbolçularımızdan olan Rahid son üç ayda klubundan daha çox milli komandaların sıralarında olub. Ancaq onun oynamaması II turda “İnter”lə Lənkərandakı görüşdə də (1:0) ehtiyatda qalması ilə nəticələndi.

Mircavadov onu da bildirib ki, “Turan”la görüşdə cəzalı bolqar müdafiəçi Kostadin Cambazovu braziliyalı Denis Silva əvəzləyəcək. Sonuncu slovakiyalı yeni transfer İvan Pexa ilə birgə müdafiənin mərkəzində duet təşkil edəcək. Son transfer olan çexiyalı Tomas İneman isə ehtiyatda qalacaq və ikinci hissədə ona şans verilə bilər. Cambazov “İnter”lə görüşdə formasını soyunduğuna görə formasını çıxarmış və nəticədə ikinci sarı, ardından qırmızı vərəqə alaraq meydandan çıxarılmışdı. Bu, ona AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən bir oyunluq cəza verilməsi ilə nəticələnib.

Qeyd edək ki, “Xəzər-Lənkəran”da heyətlə bağlı digər narahatçılıq doğuran məqam Alim Qurbanovla Ruslan Poladovun hərarətinin olmasıdır. Azərbaycan və Moldova milli komandalarından qayıdan Kamran Ağayevlə hücumçu Denis Kalinkovda isə yorğunluq hiss olunur. Mircavadov bugünkü məşqdən onların sabah əsas heyətdə çıxıb-çıxmayacağına qərar verəcək. Bugünkü məşqdə əsasən taktiki təmrinlərə diqqət yetirəcək təcrübəli mütəxəssis əsas heyətdə açıq qalan bir-iki mövqenin sahibini müəyyənləşdirəcək.
0