Zaur Ramazanov: 33 yaşım var, “Qarabağ”la prinsip aparmaqdan keçib...
11.09.2009 - 17:57
Zaur Ramazanov: 33 yaşım var, “Qarabağ”la prinsip aparmaqdan keçib...
“Premyer Liqanın növbəti turunda “Qarabağ”a qarşı oynamayacağam. Komandamla səfər görüşünə də yollanmayacağam”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Standard” klubunun hücumçusu Zaur Ramazanov deyib.

Müqavilə ilə Ağdamın “Qarabağ” klubuna məxsus olan 33 yaşlı futbolçu “transfer pəncərəsi”nin bağlanması ərəfəsində yarım illiyə Sumqayıt təmsilçisinə icarəyə verilib. İş elə gətirib ki, yeni mövsümə IV turda “Standard”la ev oyunu ilə başlayacaq “Qarabağ” rəqibini Ağdamda qəbul edəcək. Ancaq Ramazanov bu dəfə Quzanlı qəsəbə stadionunda meydana çıxmayacaq. Onun bildirdiyinə görə, yeni komandada debüt üçün hələ bir müddət də gözləməli olacaq: “Çünki hələ oynamağa hazır deyiləm. Səhhətimdəki problemlə əlaqədar uzun müddətdir yaşıl meydandan kənarda qalmışam. Müalicəm başa çatsa da, hələ formada deyiləm. Bu problemi aradan qaldırdıqdan sonra meydana çıxa biləcəyəm. Bunun nə vaxt olacağını dəqiq deyə bilmərəm”.

Yaşıl meydana tezliklə qayıdacağına ümid edən Zaur keçmiş komandası ilə oyuna prinsipial görüş kimi yanaşmır: “Bu, mənim üçün fərq etmir. Hamısı öz komandalarımızdır da. Xarici klublara qarşı oynamırıq ki! Futbolçu bu gün bir komandadır, sabah başqasında. Bir də ki, 33 yaşım var, bu yaşda prinsipiallıqdan keçib”.

Hücumçunun “Qarabağ” - “Standard” matçı ilə bağlı proqnozu isə belə olub: “Fikrimcə, “Standard” səfərdə xal qazana biləcək. Oyunun konkret necə nəticələnəcəyini Allah bilir”.

Qeyd edək ki, cari mövsümdə bir oyun keçirən “Standard”ın hesabında xal yoxdur. Sumqayıt klubu ilk turda səfərdə Salyan “Muğan”ına 0:1 hesabı ilə uduzub. Ramazanovun ötən mövsüm heyətində Azərbaycan kubokunu qazandığı “Qarabağ”la hələ iki illik müqaviləsi var.
0