“Yaxşı ki, “Neftçi” klubu ilə müqavilə bağlamamışam” - MÜSAHİBƏ
12.09.2009 - 00:21
“Yaxşı ki, “Neftçi” klubu ilə müqavilə bağlamamışam” - MÜSAHİBƏ
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və “Qarabağ”ın futbolçusu Əfran İsmayılovun müsahibəsi

- Əvvəlcə ötən mövsümlə bağlı fikirlərinizi bilmək istərdik. Klub rəhbərliyi ikinci dövrədə sizi “Turan”a göndərdi. Yarım mövsüm Tovuz klubunda oynamağın karyeranızda hansı dəyişikliklərə səbəb oldu?
- Bütün cavan futbolçulara məsləhət görərdim ki, gedib Tovuz futbol məktəbini görsünlər. “Turan” mənim karyeramda tramplin rolunu oynadı. “Qarabağ”da ehtiyatda qalırdım. “Turan”dan dəvət gələn kimi baş məşqçi Qurban Qurbanovdan getmək üçün icazə istədim. Sağ olsun, o da razılıq verdi. Düzdür, bir-iki matçı zədə ucbatından kənarda qaldım, ancaq forma geyindiyim görüşlərdə oyunumun pis alınmadığını düşünürəm. Əsas odur ki, oyun təcrübəm artdı. Tovuzda hamı futbolu sevir. Azarkeşlər necə lazımdırsa, dəstək verirlər. Düzdür, Tovuzda pul qazanmadım. Ancaq yaxşı hörmət, dostlar qazandım. İndi də Qurban müəllim desə ki, get “Turan”a kömək et, tərəddüd etmədən gedərəm. Onu deyim ki, bizim vaxtımızda Tovuz klubu indikindən güclü idi. “Neftçi” ilə oyunlarına baxmışam. Məncə, indi komanda zəif təsir bağışlayır. Bir sözlə “Turan”da oynamağım mənim üçün çox yaxşı oldu. Çünki “Qarabağ”a geri döndükdən sonra özümdə artım olduğunu hiss etdim. İş elə gətirdi ki, Avroliqanın gedişində Emin İmaməliyev zədələndi. Mən də birbaşa Avropa Liqasında oynamağa başladım.

- Bir sözlə, “Turan”da çıxış etməyiniz karyeranızda yeni səhifə açdı...
- Bəli. Həm təcrübə topladım, həm də “Turan”ın Premyer Liqada qalmasına az da olsa, yardım etdim. Ona görə də gənc futbolçulara məsləhətim budur ki, əgər öz komandalarında əsas heyətə düşə bilmirlərsə, oynaya biləcəkləri kluba keçsinlər. Mütləq gedib, o tramplini keçməlidirlər. Vaxtilə Rəşad Sadıqov da “Turan”da oynayaraq, özünü göstərə bilib. Öz komandasında yerində saymaqdansa, Tovuz klubuna transfer olmaq daha məqsədəuyğundur.

- Artıq doğma komandanıza qayıtmısınız. Yarımmüdafiənin sağında Emin İmaməliyev kimi təcrübəli futbolçu ilə rəqabət aparırsınız. Əsas heyətə düşəcəyinizə inanırsınızmı?
- Özümdən çox şey asılıdır. Gərək daima məşq edim ki, formamı itirməyim. Çalışacağam ki, baş məşqçinin etimadını doğruldum ki, əsas heyətə düşə bilim. Əgər məşq etməsəm, əlbəttə əsas heyətə düşə bilmərəm. Əsas heyətdəki yerimi qorumağım üçün öz üzərimdə daha çox çalışacağam.

- Başqa komandalardan təklif gəlibmi?
- Bəli, “Neftçi”dən ciddi təklif var idi. Mən də getmək istəyirdim. Elə bilirdim ki, “Qarabağ”da yenə ehtiyatda qalacağam. Ancaq Qurban müəllim oynadacağını dedikdən sonra fikrimdən daşındım. Yaxşı ki, getməmişəm.

- “Turan”da yarımmüdafiənin mərkəzində çıxış edirdiniz. Ancaq “Qarabağ”da baş məşqçi sizi yarımmüdafiənin sağında oynadır. Özünüzü hansı mövqedə daha rahat hiss edirsiniz?
- “Turan”da demək olar ki, hər yerdə oynayırdım (gülür). Futbola mərkəz yarımmüdafiəçisi kimi başlamışam. Tovuzda əvvəlcə mərkəzdə mübarizə aparırdım, daha sonra cinahlarda oynadım. Baş məşqçimiz məndən soruşdu ki, sağ cinahda oynaya bilərsənmi? Mən də oynaya biləcəyimi dedim. İstər mərkəzdə, istərsə də yarımmüdafiənin sağında daha effektli olduğumu düşünürəm. Ümumiyyətlə, futbolçunun belə bir dərdi olmamalıdır. Məşqçi harada oynamağı tapşırırsa futbolçu da çıxıb oynamalıdır.

- Avrokuboklarda ilk dəfə forma geyinirdiniz. Ümumiyyətlə, komandanın belə nəticələrə imza atacağını gözləyirdinizmi?
- Mən Rəşad Sadıqovla eyni otaqda qalırdım. O, çox peşəkar futbolçudur. Həmişə mənə dəstək olurdu. Baş məşqçi Qurban Qurbanov iclaslardan əlavə hər bir futbolçu ilə təkbətək söhbət edərək, oyuna kökləyirdi. Hər bir futbolçuya necə oynayacağını izah edirdi. Düzü, “Rusenborq” səddini keçəcəyimizə heç kim inanmırdı. Hətta ailə üzvlərimdə də belə inam yox idi. Deyirdilər ki, yalandan nəyə gedirsiniz, onsuz da uduzub gələcəksiniz. Mərhələ keçməyimizdə baş məşqçimizin böyük rolu oldu. Bizi psixoloji, fiziki, taktiki cəhətdən çox yaxşı hazırlamışdı. Yəni, rəqibin kimliyindən asılı olmayaraq, qarşımıza hansı komanda çıxsa idi, yenə mərhələ keçəcəkdik. Özünüz də görürdünüz ki, meydanda canımızı qoyurduq. Düzdür, deyə bilmərik ki, futbol oynayıb mərhələ keçdik, yox, vuruşa-vuruşa iki rəqibimizi mübarizədən kənarlaşdırdıq.

- Komandanızın qol vurmaqda müəyyən problemləri var. Bunu nə ilə əlaqələndirirdiniz? Yarımmüdafiəçilər hücumçuları topla təmin edə bilmirlər, yoxsa irəli xətdə qərarlaşanlar qol vəziyyəti yaratmaqda çətinlik çəkirlər?
- Həqiqətən də hücumçu problemimiz var. Avropa Liqasında oyunlar daha çətin olurdu. Bəzən 90 dəqiqə ərzində cəmi bir qol vəziyyəti yaranır. Gərək ələ düşən fürsətdən maksimum istifadə edəsən. İnanıram ki, hücumçularımız ölkə çempionatında öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki Premyer Liqada oyun ərzində 4-5 real qol vəziyyəti yaradırıq. Onlardan ikisini vursalar, hücumçu kimi işlərinin öhdəsindən gəlirlər.

- Komanda yoldaşlarınız Vaqif Cavadov, Elvin Məmmədov əsas milli komandaya dəvət alır. Sizi nə vaxt milli komandanın heyətində görəcəyik?
- Yığmanın şərəfini qorumaq hər bir futbolçunun arzusudur. Yəqin ki, tam hazır olduqdan sonra çağırarlar. Mən çalışıram ki, özümü yaxşı tərəfdən göstərim, diqqətləri üzərimə çəkim.

- U-21-in heyətində Avropaçempionatının seçmə mərhələsinin ilk iki oyununda məğlubiyyətlə üzləşdiniz. Milli komandamızın qələbə qazana bilməməsinin səbəbini nədə görürsünüz?
- Albaniya ilə matçda yaxşı oynasaq da, bəxt bizdən üz döndərmişdi. Xüsusən ilk hissədə yaxaladığımız fürsətlərdən istifadə edə bilmədik. Belarusla oyuna gəlincə, rəqibimiz Avropanın güclü kollektivlərindən biri idi. Hesabı açmağımıza baxmayaraq, sonradan qapımızdan üç qol buraxdıq. Ancaq ruhdan düşmədik və mübarizə apardıq. Qollardan birinin əvəzini çıxdıq. Hesabı bərabərləşdirə bilərdik, ancaq bunun üçün vaxt çatmadı. İnanıram ki, qarşıdakı oyunlarda bu uğursuzluğa son qoyacağıq.

Mənbə: “Futbol dünyası” qəzeti
0