“Rəhbərlik bundan sonra da futbolçuları mükafatlandıracaq” - MÜSAHİBƏ
12.09.2009 - 00:56
“Rəhbərlik bundan sonra da futbolçuları mükafatlandıracaq” - MÜSAHİBƏ
“Gəncə” futbol klubunun baş məşqçisi Fuad İsmayılovun müsahibəsi

- Mövsümə qələbə ilə start verdiniz. İlk oyunla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.
- Xeyli vaxtdır ki, oynamırdıq. Bunun da nəticəsi kimi, futbolçular birinci matçda gərgin idilər. Rəqibimiz də güclü komanda idi. Bildiyiniz kimi, “ABN-Bərdə” birinci divizionun son çempionudur. Əzmkarlıq hesabına qələbə qazandıq.

- “ABN-Bərdə” ilə görüş “Gəncə”nin 3 ildən sonra keçirdiyi ilk rəsmi oyun idi. Bu matçda komandanız necə təsir bağışladı?
- Uşaqlar yaxşı oynadılar. Onlardan narazılığım yoxdur. Meydanda gərgin mübarizə gedirdi. Sözün düzü, bu qarşılaşmada “ABN-Bərdə” də qələbə qazana bilərdi. Görüşün taleyini 90+3-cü dəqiqədə həll etdik. Rəqibi əks-hücumda yaxalayıb, qapıya yol tapdıq. Bərdə təmsilçisi üçüncü qolumuza qədər ciddi müqavimət göstərdi və hesabı bərabərləşdirməyə çalışırdı. Ancaq əlavə vaxtda qol vurduqdan sonra rəqib təslim oldu. Bir sözlə, bərabər səviyyəli matçda qələbə bizim oldu.

- Necə düşünürsünüz, “Gəncə” mövsümə tam hazırdırmı?
- Ümumi götürdükdə, bəli, komanda mövsümə hazırdır. Amma bu göstəricinin 100 faiz olduğunu deyə bilmərəm. Turdan-tura artım olacaq. Əsasən də psixoloji durumla bağlı məsələlər qaydasına düşəcək. Heyətdəki uşaqların əksəriyyəti əvvəllər bir yerdə oynamış futbolçulardır. Birinci oyun göstərdi ki, xətlərarası əlaqə istənilən səviyyədə deyil. Həm də indiki futbol bir qədər fərqlidir. Müasir dövrdə sürətli futbola və meydanın hər qarışı uğrunda mübarizəyə üstünlük verilir. 1-2 turdan sonra tam istədiyimiz futbolu oynayacağıq.

- “ABN-Bərdə” üzərində qələbəyə görə futbolçulara mükafat verilib?
- Bəli. Rəhbərlik bundan sonra da qələbədən sonra futbolçuları mükafatlandıracaq. Ancaq bu klubdaxili sirr olduğundan, məbləği açıqlamayacağam.

- Birinci divizionun səviyyəsi barədə nə deyə bilərsiniz?
- Komandaların oyunları ilə bağlı tam məlumatım yoxdur. Amma I turun nəticələrinə diqqət yetirdikdə, gərgin mübarizənin getdiyini söyləmək olar. Yəni, komandalarda canlanma hiss olunur. Məncə, ötən illə müqayisədə birinci divizionun səviyyəsi qalxıb. Birinci və ikinci yeri tutanlar üçün pul mükafatının ayrılması komandaları stimullaşdırıb. Əlbəttə, bu da müsbət addımdır.

- Əvvəlki müsahibələrinizdə “Gəncə”nin qarşısına Premyer Liqaya yüksəlmək məqsədinin qoyulduğunu demişdiniz. Sizcə, bu yolda komandanızın əsas rəqibləri hansı klublar olacaq?
- Həqiqətən də məqsədimiz Premyer Liqaya yüksəlmək, Gəncə futbolunun əvvəlki şöhrətini özünə qaytarmaqdır. Qaldı ki, əsas rəqiblərimizə, Premyer Liqa ilə vidalaşan “Bakılı” və MOİK-in adlarını qeyd edə bilərəm. “Şahdağ”ı da bu siyahıya aid etmək olar.

- “Gəncə” şənbə günü “Göyəzən”lə qarşılaşacaq. Oyuna hazırlıq başa çatıb?
- Bütün oyunlara eyni cür hazırlaşırıq. Bizim üçün rəqibin adı əhəmiyyət daşımır. Həm də birinci divizionda zəif komanda yoxdur. “Göyəzən”lə görüş doğma meydanda ilk oyunumuz olacaq. Əlbəttə, meydana qələbə əzmi ilə çıxacağıq. Rəqiblə ötən ay qarşılaşmışıq. Mövsümə hazırlıq ərəfəsində Qazaxda yoldaşlıq matçı keçirmişik. Heyətimizdə zədəli və ya cəzalı futbolçunun olmaması məni sevindirir.

- Azarkeşlər bu oyuna maraq göstərirlərmi?
- Onlar Bərdədə də bizi yalqız buraxmamışdılar. Artıq fan-klubumuz yaradılıb. Şəhərdə reklam lövhələri, afişalar asılıb. Evdə ilk oyunumuz olduğundan, matçdan əvvəl şou-proqramın keçirilməsi nəzərdə tutulub. Həm şou-proqramı, həm də oyunu azarkeşlər pulsuz izləyə biləcəklər. Hiss olunur ki, azarkeşlər futbol üçün darıxıblar. Məncə, “Göyəzən”lə oyuna maraq böyük olacaq.

- Stadion necə, oyuna tam hazırdırmı?
- Ot örtüyü yaxşı vəziyyətdədir. Soyunub-geyinmə otaqlarında təmir işləri başa çatıb. Tribunalarda uçub-dağılan yerlər düzəldilir. Hələlik yeni oturacaqlar quraşdırılmayıb. Ehtiyat oyunçular skamyası yenilənib. Bayraq asmaq üçün yer düzəldilib. Yəni stadion Premyer Liqa tələblərinə cavab verir.

- Klub geyim və müasir avadanlıqlarla təmin edilibmi?
- Komandamız faktiki olaraq dağılmışdı və bunun yeganə səbəbi maliyyə problemi idi. İndi bu problem xeyirxah insanların və dövlət qayğısının sayəsində aradan qalxıb. Biz bir komanda kimi nəyə qadir olduğumuzu göstərmək şansı qazanmışıq. Bu şansdan lazımınca istifadə etmək qarşımızda duran ən vacib məsələdir. Klub üçün hər cür şərait yaradılıb. Komandamız geyim və avadanlıqlarla təmin edilib.

- Gələn həftə ölkə kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. “Gəncə”nin bu mərhələdəki rəqibi “Rəvan”dır. Necə düşünürsünüz, növbəti mərhələyə yüksələ biləcəksinizmi?
- Proqnoz verməyi xoşlamıram. “Rəvan” birinci divizionun debütantı olsa da, heyət baxımından zəif deyillər. Bu komandanın şərəfini qoruyan uşaqların bir neçəsi U-21-də çıxış edib. Ancaq mərhələ adlamaq haqqında düşünürük. Cütün qalibi 1/8 finalda “Simurq”la qarşılaşacaq.

- Premyer Liqaya yüksəlməyi qarşısına məqsəd qoyan “Gəncə” çempionata daha çox diqqət yetirəcək, yoxsa kubok oyunlarına?
- Nə qədər bacarsaq irəliləyəcəyik. Heyətimiz genişdir.

- Kubok oyunları ilə əlaqədar təqvimdə sıxlıq yaranacaq. Komandanız 3 gündən bir oyun keçirməyə hazırdırmı?
- Futbolçularımız çoxdur. Onların hamısına şans verəcəyik. Fiziki cəhətdən heç bir problem olmayacaq.

Mənbə: “Futbol dünyası” qəzeti
0