Bir səhv xəbər aləmi qarışdırdı
12.09.2009 - 11:48
Bir səhv xəbər aləmi qarışdırdı
İspaniyanın “Osasuna” klubu bəyanat yaymağa məcbur olub. Apasport.az-ın məlumatına görə, Pamplona təmsilçisinin rəsmi saytına xakerlərin hücum çəkməsi rəhbərliyi çətin vəziyyətdə qoyub. Klub saytını dağıtmaq niyyətində olmayan kompüter “sənətkarlar”ı ora bir xəbər yerləşdirməklə aranı qarışdırıblar.

Xakerlərin “eksklüziv” xəbəri isə iranlı futbolçular Cavad Nekunam və Məsud Şocai ilə müqavilələrin ləğv olunmasından ibarət olub. “Osasuna” rəhbərliyi bu xəbərin yanlış olduğunu bəyan etməklə yanaşı, səhv məlumata görə ictimaiyyətdən üzr istəyib. Eyni zamanda, klub rəsmiləri məhkəməyə müraciət ediblər.

Hadisənin kökü isə gecə klubuna gedib çıxır. Belə ki, bir neçə gün öncə şəhərkənarında, “Osasuna”nın bazası yaxınlığında yerləşən klubda baş verən dava-dalaşda iranlı legionerlər əsas “qəhrəmanlar” olublar.
0