Mircavadov: Bu, mənə qaranlıq qalır
17.09.2009 - 23:00
Mircavadov: Bu, mənə qaranlıq qalır
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov gənc futbolçu Rahid Əmirquliyevin vəziyyətindən narahatdır. Bu barədə apasport.az saytına açıqlama verən məşqçinin sözlərinə görə, 20 yaşlı yarımmüdafiəçi milli komandada ehtiyatda qalmasının əziyyətini çəkir. Yığmanın baş məşqçisi Berti Foqts son rəsmi görüşlərdə Rahidi cəmi 6 dəqiqə oynadıb ki, bu da Finlandiya ilə Lənkərandakı görüşün sonunda baş verib.

Lixtenşteyn və Rusiya yığmaları oyunlara heyəti açıqlayan alman mütəxəssis Əmirquliyevin adını bu dəfə əsas yox, ehtiyat siyahıya daxil edib: “Gənc futbolçuya etibar edirsənsə, ondan istifadə etmək lazımdır. Yox, etibar etmirsənsə, onda çağırıb ehtiyatda saxlamağın nə mənası var ki? Həm də milli komandada oynatmadığın gənc futbolçunu 21 yaşlılardan ibarət yığmaya göndərmək olar. Ancaq Foqts Rahidlə bağlı bunu etmir. Bu, mənə qaranlıq qalır. Rahid heç olmasa, U-21-ə gedib oyun praktikası qazana, komandaya kömək edə bilər”.

Mircavadov Əmirquliyevin hazırda formadan düşdüyünü gizlətmir: “O, yığmadan ağır vəziyyətdə gəlmişdi. Mən Rahidə “Turan”la oyunda 90 dəqiqə şans verdim. Görürəm ki, Əmirquliyev formasını itirib, çox geriləyib. Mən “Xəzər-Lənkəran”a qayıtdığım bu iki ay yarımda Rahidi heç bir ay sərəncamımda görməmişəm. O, həmin müddətdə klubdan çox yığmada olub. Futbolçunun yığmaya çağırılmasına heç bir sözüm yoxdur. Bu, lazımdır. Onsuz da hamımız yığma üçün çalışırıq. Sadəcə, futbolçunu çağırmışsansa, onu oynatmalısan”.
0