Bülənt Korkmaz: Ən qısa zamanda “Bakı” ilə müqavilə bağlayacağam
25.09.2009 - 10:36
Bülənt Korkmaz: Ən qısa zamanda “Bakı” ilə müqavilə bağlayacağam
UEFA kubokunun və Superkubokunun qalibi Bülənt Korkmazın “Bakı”da çalışıb-çalışmamasına bu gün aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” klubunun 41 yaşlı sabiq baş məşqçisi son Azərbaycan çempionundan cavab gözləyir. Qyoko Hacıyevskinin istefasından sonra yeni baş məşqçi axtaran paytaxt təmsilçisi Korkmaz da daxil olmaqla, bir neçə mütəxəssislə danışıqlar aparır. Təbii ki, son söz klub prezidenti Hafiz Məmmədova məxsusdur və bundan sonra yeni çalışdırıcının adı müəyyənləşəcək. Əgər Korkmazın namizədliyi qəbul olunarsa, türkiyəli mütəxəssis Bakıya sabah gələcək. Veteran müdafiəçi öncə komandanın növbəti turda “Qarabağ”la ev oyunu tribunadan izləmək fikrindədir.

Ötən ilin mayında “Qalatasaray”la yollarını ayırdıqdan sonra heç bir klubda çalışmayan Korkmaz “Bakı”nın təklifini qəbul edərək, meneceri vasitəsilə danışıqlara başlayıb. O, Türkiyə mətbuatına açıqlamasında qısaca bunları deyib: “Hər mövzuda anlaşa bildik. Ən qısa zamanda rəsmi sözləşmə imzalayacağıq. Qardaş ölkə Azərbaycanda çalışmaqda şad olaraq”.

Hazırda Türkiyədə FOX TV-də şərhçilik edən Korkmaz bizlərə də yaxşı tanış olan həmyerlisi ilə çalışır. Bu, onun Türkiyə yığmasında bir yerdə çıxış etdiyi, 2004/05 mövsümündə “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan çempionatının gümüş medalını qazanan hücumçu Oktay Dərəlioğludur.

Xatırladaq ki, 2 ildir “Bakı”nın sükanı arxasında olan Hacıyevskinin istefa ərizəsini dünən klub prezidenti qəbul edib. Bununla da baş məşqçi postunu təhvil verən 54 yaşlı mütəxəssis “Bakı”da rəhbər vəzifələrin birində çalışacaq.
0