AFFA-nın vitse-prezidenti yeni layihələri müzakirə edib
25.09.2009 - 11:32
AFFA-nın vitse-prezidenti yeni layihələri müzakirə edib
Genişləndirilmiş hüdudlu sazişin İdarəetmə Şurasının növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycanı AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov da iştirak edib.

Əliyev Fransanın Strasburq şəhərində keçirilən tədbirlə bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “İclasda 40-a yaxın, o cümlədən 2008-ci ilin dekabr ayında Afinada keçirilmiş Avropa ölkələrinin idman nazirlərinin 11-ci konfransından sonra görülmüş işlər, idmanda mədəniyyətlərarası dialoqa dəstək, idman və diskriminasiya, 2010-cu ilin fəaliyyət planı, 2008-ci il üçün büdcənin icra olunması və 2010-cu il üçün büdcə, yeni layihənin təqdimatı kimi məsələlər müzakirə olundu. Qeyd edildi ki, Avropa ölkələrinin idman nazirlərinin Afinada keçirilmiş 11-ci konfransında əsas müzakirə mövzusu olmuş İdmanda muxtariyyət və İdman etikası məsələləri ilə bağlı işlər qətnamələrə uyğun olaraq həyata keçirilir. Artıq İdmanda muxtariyyət mövzusu üzrə suallara əksər ölkələrdən cavablar toplanıb ümumiləşdirilərək nəşr edilib. İdman etikası kodeksinə əlavələrlə bağlı müzakirələrsə davam etdirilir”.

Vitse-prezidentin sözlərinə görə, dünya idmanındakı problemlərə də toxunulub: “İdmanda diskriminasiya və rasizimə qarşı mübarizə ilə bağlı Serbiyanın paytaxtı Belqradda bu ilin oktyabr ayında konfrans keçirilməsi planlaşdırılır. Daha sonra qeyd olundu ki, idmanda mədəniyyətlərarası dialoqa dair xüsusi nəşr hazırlanıb. 2010-cu ilin fəaliyyət planında digər məsələlərlə bağlı Bakıda keçiriləcək Avropa ölkələrinin idman nazirlərinin növbəti konfransına hazırlığa dair işlər xüsusi yer tutur. Qərara alındı ki, Avropa Şurasının idman üzrə icraçı katibi Stanislas Frossard bu ilin oktyabr ayında Bakıya gələrkən hazırlıqla bağlı ilkin məsələlər müzakirə olunsun. İclasda müzakirəyə təqdim olunmuş layihələrdən ikisi 2012-ci ildə Ukraynada və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıq dövründə gənc futbolçuların idman vasitəsilə maarifləndirilməsinə həsr olunub”.

Əliyev bildirib ki, qurumun layihələri haqda da müzakirələr aparılıb: “Avroməktəblər - 2012” adlanan layihə ölkəmiz üçün də maraqlıdır. Burada Azərbaycanın da daxil olduğu İdmana dair genişləndirilmiş hüdudlu Sazişin üzvü olan 32 ölkə iştirak edə bilər. Layihədə həmçinin Avropa Futbol Federasiyaları Assosiasiyasının, Avropa Qeyri hökumət idman təşkilatları Şurasının, Britaniya Şurasının və digər təşkilatların iştirakı nəzərdə tutulur. Avropa Şurasının və “Küçə futbolu dünyası” təşkilatının koordinasiya etməsi nəzərdə tutulan layihə çərçivəsində seminarların, konfransların və gənclər düşərgələrinin təşkili planlaşdırılır".
0