Emin Quliyev, Elmar Baxşıyev... Növbə kimindir?
25.09.2009 - 12:36
Emin Quliyev, Elmar Baxşıyev... Növbə kimindir?
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Avstriya oyununu idarə edəcək Meyr Levi ikinci dəfə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da baş tutacaq görüşün israilli baş hakimi 2007-ci ildə də bu arenada fit çalıb.

Azərbaycan - Avstriya qarşılaşmasından 7 gün sonra 41 yaşını qeyd edəcək Levi 2 il əvvəl iyulun 17-də “Xəzər-Lənkəran”ın Çempionlar Liqasında debütünü rəsmiləşdirib. Zaqreb “Dinamo”su ilə matçda start fitini verən israilli həmin matçın gedişində Emin Quliyevin özünü apara bilməməsinə də göz yummamışdı. Levi yarımmüdafiəçini meydandan elə qovmuşdu ki, Emin indiyədək qitə kuboklarında oynaya bilmir. O vaxt 5 oyunluq cəzalanan Quliyev hələ 2 matç da buraxmağa məhkumdur.

2000-ci ilin əvvəlindən FİFA dərəcəsi daşıyan Levi daha bir dəfə Azərbaycan təmsilçisinin oyununa təyinat alıb ki, bu dəfə də yadına qırmızı vərəqə göstərmək düşüb. Yenə də “Xəzər-Lənkəran”ın oyununda fit çalan referi Polşada “Lex”lə oyunu idarə etdi. UEFA kubokunun bu oyunu lənkəranlıların tarixində ən acınacaqlı məğlubiyyət kimi düşdü – 1:4. Levi isə Elmar Baxşıyevi ikinci sarı vərəqəyə görə meydandan qovdu. Maraqlıdır ki, Emin kimi, Elmar da cəzalı durumdan qurtulmayıb. Onun 1 oyunluq cəzası qalıb.

Qeyd edək ki, Levi UEFA-nın hakimlər üçün III kateqoriyasına daxildir.
0