“Simurq”la oyunlar öncəsi “Neftçi” baş məşqçini dəyişir! Bəs bu dəfə?
25.09.2009 - 13:02
“Simurq”la oyunlar öncəsi “Neftçi” baş məşqçini dəyişir! Bəs bu dəfə?
“Neftçi” Zaqatalanın “Simurq” komandası ilə ardıcıl ikinci mövsüm ev oyununa baş məşqçisiz çıxacaq. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi bu rəqiblə son 2 ildə Bakıdakı görüşündə çalışdırıcısı kənarda qalır.

Ötən mövsümün ilk dövrəsində “Simurq”la qarşılaşma öncəsi ukraynalı Anatoli Demyanenkonun istefasından sonra baş məşqçi postuna Hans-Yurgen Gede gətirilsə də, alman mütəxəssis həmin ev oyununu tribunadan izlədi. Belə olan halda, komandanı meydana Böyükağa Ağayev çıxardı. Gedeni “ağ-qaralar”ın sükanı arxasında əvəzləyən Ağayev indi özü ayrı düşüb. Bu da onun səhhətində yaranan problemlə bağlıdır ki, həkimlər ona bir müddət istirahət etməyi tövsiyə ediblər.

Nəticədə ötən tur “Standard”la səfər oyununda olduğu kimi, “Simurq”la evdəki görüşə də komandanı Ağayevin köməkçisi Arif Əsədov çıxaracaq. Əslində, “Simurq”la ötən mövsümün ikinci dövrəsində də “Neftçi”də baş məşqçi məsələsi diqqət çəkirdi. Belə ki, Gedenin istefaya göndərilməsindən sonra komandanı Zaqataladakı matça Ağayev çıxarsa da, o, baş məşqçi əvəzi idi. Həmin vaxt səfərdə qazandığı qələbə (2:0) ilə özünə inamı artıran 62 yaşlı mütəxəssis məhz bu görüşdən sonra baş məşqçi təyin olundu.

Göründüyü kimi, flaqmanın “Simurq”la son 3 oyununda çalışdırıcıları, əsasən də Ağayev diqqət mərkəzinə düşür.
0