AFFA sərt üzünü milli komandanın məşqçisinə də göstərdi
25.09.2009 - 15:39
AFFA sərt üzünü milli komandanın məşqçisinə də göstərdi
AFFA 21 yaşlılardan ibarət yığma komandanın (U-21) məşqçisi Əfqan Talıbovu cəzalandırıb. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı məlumata görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında 45 yaşlı çalışdırıcı haqda belə qərar çıxarılıb. Birinci divizionda çıxış edən “Rəvan” klubunun baş məşqçisi olan Talıbov Azərbaycan kuboku uğrunda “Gəncə” ilə ev oyununun (0:2) 63-cü dəqiqəsində hakimi təhqir etdiyi üçün “texniki zona”an kənarlaşdırıb. Yığmanın məşqçisi bu hərəkətinə görə 4 oyunluq cəzaya, təmsil etdiyi klub isə 400 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, Talıbov U-21-də almaniyalı baş məşqçi Bernard Lippertin köməkçilərindəndir. O, gələn ay Avropa çempionatının seçmə mərhələsi çərçivəsində U-19-un düşərgəsinə yollanacaq Lippertin yoxluğunda Nazim Süleymanovla birgə U-21-i Avstriya ilə ev oyununa çıxaracaq.