Ağasəlim Mircavadov: Başımıza döyə-döyə qalmamaq üçün...
25.09.2009 - 16:54
Ağasəlim Mircavadov: Başımıza döyə-döyə qalmamaq üçün...
“Muğan”la sabahkı görüşdə heyətdə bəzi dəyişikliklər etməyi düşünürəm. Hesab edirəm ki, axırıncı oyunlardan sonra bəzi futbolçulara onların əvəzolunmaz olmadıqlarını göstərməyə zərurət yaranıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov klubun rəsmi saytına açıqlamasında deyib.

Son turlarda 1:1 hesabı ilə nəticələnən “Turan” və “Qəbələ” ilə oyunlarda qələbəyə həsrət qalan Lənkəran təmsilçisinin təcrübəli çalışdırıcısı bundan nəticə çıxarıb. Belə ki, heyətdə ciddi dəyişiklər edəcək Mircavadov növbəti turda “Muğan”la görüşdə istənilən səviyyədə çıxış etməyən futbolçu və ya bir neçə futbolçunu ehtiyatda saxlayacaq. Onun fikrincə, ilk növbədə hücum xəttində dəyişikliyə ehtiyac var: “Həm “Turan”la, həm də “Qəbələ” ilə oyunda dəfələrlə real qol şanslarından yararlana bilmədik. Meydanı qolsuz tərk etməsək də, meydana favorit kimi çıxan futbolçuların hər oyuna orta hesabla cəmi 1 top vurması bizi qane edə bilməz. Məhsuldarlığımız azca yuxarı olsaydı, indi hesabımızda 5 deyil, 9 xal olardı. Sonra başımıza döyə-döyə qalmamaq üçün xalları havaya səpələməməliyik. Mən nəticə çıxarmışam və zəruri dəyişiklikləri edəcəyəm. İnanıram ki, futbolçularım da adekvat addım atacaq”.

Mircavadov hesab edir ki, komandanın hücum potensialı daha məhsuldar oynamağa imkan verir: “Çempionatın startından bəri qol buraxmayan “Muğan”ı məğlub etmək üçün hücumda daha rəngarəng və aqressiv davranmaq lazım gələcək”.
0