Venera Muradova: ...ermənilər deyəcəklər ki, azərbaycanlı hakim bizi sıxışdırmadı
26.09.2009 - 23:00
Venera Muradova: ...ermənilər deyəcəklər ki, azərbaycanlı hakim bizi sıxışdırmadı
“Ermənistan və ya başqa yığmanın oyununu idarə etməyimin heç bir fərqi yoxdur. Mən meydana çıxıb öz işimi görəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında FİFA referisi Venera Muradova deyib.

17 yaşlı qızlar arasında Avropa çempionatının I seçmə mərhələsinin Serbiyadakı oyunlarına təyinat alan xanım hakim hansı qarşılaşmanı idarə edəcəyini də apasport.az saytından öyrəndi: “Sözün düzü, konkret hansı oyunları idarə edəcəyimi bilmirdim. Serbiyada keçiriləcək mini-turnirə gedəcəyim haqda məlumatım olsa da, qarşılaşmalarla bağlı məsələyə aydınlıq gəlməmişdi. Bizə bu haqda adətən oyunlara az qalmış xəbər gəlir. İndi sizdən eşidirəm ki, Rusiya – Ermənistan matçına təyin olunmuşam. Baş hakim olacağam, yoxsa ehtiyat?”

Venera xanım yan xətt hakimi Maya Nəbiyeva ilə birlikdə idarə edəcəyi Rusiya – Ermənistan matçında fit çalmaqdan da çəkinmir: “Ermənistanın oyunlarına təyinat alacağımı gözləmirdim. Lakin onu da bilirdim ki, hər şey ola bilər. Meydana çıxıb öz işimi görəcəyəm. Nə olacağı isə mənim üçün problem deyil. Rusiya - Ermənistan oyununu idarə edəcəyimdən də çəkinmirəm. Həm də ki, 17 yaşlı qızlardır da, nə ola bilər ki?”

Həmyerlimiz təyinat aldığı görüşün sonuncu tura təsadüf etməsini müsbət qiymətləndirir: “Əslində, ermənilərin III turdakı oyununa təyinat almağım yaxşıdır. O vaxtadək çox şey həll olunacaq. Onsuz da zəif olan Ermənistanın qrup sonunculuğu rəsmiləşə də bilər. Belə olan halda, yüngül oyun idarə edəcəyəm. Rəqib də Rusiyadır ki, komandalar arasında səviyyə fərqi işimizi asanlaşdıracaq. Amma bir məsələ də var ki, oyunu yaxşı idarə etsəm, ermənilər gedib deyəcək ki, azərbaycanlı hakim bizi sıxışdırmadı. Amma ola da bilər ki, uduzsalar, hər şeyi hakimliyin üstünə atsınlar”.