Veteran futbolçumuzun qanını “Karvan” klubunun legioneri töküb
28.09.2009 - 12:42
Veteran futbolçumuzun qanını “Karvan” klubunun legioneri töküb
UniBank Premyer Liqasının VI turunda “Karvan” – “Standard” matçında yaşanan qalmaqalın ikinci iştirakçısının kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oyunu izləməyə gələn Asəf Namazovu döyən futbolçu imiş.

Qarşılaşmadan sonra paltardəyişmə otağına doğru gedən və oyunçulardan biri ilə mübahisəsi düşən Azərbaycan milli komandasının sabiq seleksiyaçı məşqçisini elə həmin futbolçu vurub. Veteranın qanının axması ilə nəticələnən münaqişənin şahidləri Namazovu “Karvan”ın rus oyunçularından birinin vurduğunu iddia edir. Özünü bir anlıq boksçu hiss edən legioner qarşısındakı veterana güclü yumruq zərbəsi atıb. Zədələnmiş mütəxəssis isə “heç nə olmayıb, bu şəxsi işimizdir” deməklə, kənar şəxslərin məsələyə müdaxiləsinə imkan verməyib. Yaşananların şahidi olanlar rus futbolçunun yevlaxlıların çoxsaylı legionerlərindən hansının olduğunu müəyyənləşdirə bilməyib.

Hadisənin Namazovun seleksiya və menecerlik fəaliyyəti ilə bağlı olduğu ehtimal olunur. Legionerlərdən birinin “Karvan”a keçidində vasitəçi olması istisna olmayan mütəxəssisin Bakıdan Yevlaxa yollanması və futbolçu ilə mübahisəsi təsadüfi ola bilməzdi. Yəqin ki, keçidin baş tutmasından sonra futbolçu Namazova “atdığından”, o, faizinin arxasınca yollanıbmış. Əvəzində isə Bakıya əliboş və sarğı ilə dönməli olub.