“Xəzər-Lənkəran”ın baş məşqçisi 2 illik futboldan kənarlaşdırıldı
28.09.2009 - 14:20
“Xəzər-Lənkəran”ın baş məşqçisi 2 illik futboldan kənarlaşdırıldı
AFFA rəhbərliyinin göstərişi ilə bu gün İntizam Komitəsinin təcili iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, qurumun baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də iştirak etdiyi iclasda 25 sentyabr 2009-cu il tarixində XVIII UniBank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Xəzər-Lənkəran” – “Muğan” matçında baş verənlər müzakirə olunub.

Qarşılaşmanın 51-ci dəqiqəsində “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Fazil Əsədov hakimi təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Bundan sonra baş məşqçi azarkeşlər olan tribunanda əyləşib. O, təxribat xarakterli hərəkətlərə əl atıb və fanatları hakimə qarşı yönəldib. Bu səbəbdən də oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq (baş məşqçi azarkeşlər arasında olub) hakimə fiziki təsir göstərib. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Fazil Əsədov 2 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb, klub isə 2000 manat cərimə olunub.

Görüşdən sonra stadionda kütləvi nizam-intizamsızlıq baş verib. “Xəzər-Lənkəran” azarkeşləri meydana daxil olaraq, hakimlərə fiziki təsir göstəriblər. Stadionda təhlükəsizlik təmin olunmadığı üçün qərara alınıb ki, meydan sahibi növbəti oyununu azarkeşsiz keçirsin və klub 4000 manat cərimə olunsun.

Qeyd olunan hadisə ilə bağlı qarşıdakı matçlarda oxşar halların baş verməməsi və təhlükəsizliyin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə məktub göndəriləcək. Oxşar hadisə baş verəcəyi təqdirdə, kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Oyunda AFFA , PFL və Respect bayraqları olmadığı üçüm meydan sahibi 500 manat cərimə olunur.