Bərdədə hakimi döyən futbolçulara 3 il “iş” verdilər
28.09.2009 - 14:37
Bərdədə hakimi döyən futbolçulara 3 il “iş” verdilər
Bərdənin ABN klubunun iki futbolçusu - Rahib Nəcəfovla Bəhruz Cəlalov 3 illik cəzaya məruz qalıblar. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumatına görə, qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında adıçəkilən futbolçular haqda belə ağır cəza çıxarılıb.

I divizion təmsilçisində çıxış edən Bəhruz Cəlalovla Rahib Nəcəfov son turda “Rəvan”la ev oyununda baş hakim Emil İsgəndərova qarşı fiziki təzyiq göstərdikləri üçün 3 il müddətində futboldan kənarda qalmalı olacaqlar. Onlara görə ABN 7000 manat məbləğində cəriməli ödəməli olacaq. Baş vermiş hadisə ilə bağlı klubun baş məşqçisi və adıçəkilən futbolçular haqqında lazımi tədbirlər görülərək, bununla bağlı İntizam Komitəsinə məlumat verilməsi tapşırılıb.

Həmin oyunda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan ABN-nin futbolçusu Ramil Mehdiyev 2 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.