Roman Pokora: Hər əlimizlə bir ərizə yazırıq
28.09.2009 - 17:20
Roman Pokora: Hər əlimizlə bir ərizə yazırıq
“Çempionatın lideri olmaq xoşdur. Buna nail olduqdan sonra özümü yaxşı hiss edirəm. Ancaq belə götürəndə, yalnız biz lider deyilik axı. Hazırda turnir cədvəlində dörd hakimiyyətlilik yaranıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında UniBank Premyer Liqasının yeni lideri olan “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Qələbə seriyasını “Neftçi” ilə oyunda da davam etdirən Zaqatala təmsilçisi rəqibini tarixində ilk dəfə məğlub etməklə, liderliyi “Muğan”ın əlindən alıb. “Muğan”, “İnter”, “Qarabağ” da keçirdiyi 5 oyundan 10 xal toplasa da, “Simurq” daha yaxşı göstəricilərə görə turnir cədvəlinə başçılıq edir. Özü də cari mövsümün “qızıl xal” sistemi ilə keçiriləcəyini nəzərə alsaq, “Simurq”un “altılığa” düşmək uğrunda əsas rəqiblərindən olan “Bakı”, “Qarabağ” və “Neftçi”ni yenməsi ona böyük üstünlük verir.

Ancaq Pokora arxayınçılığa əsas görmür: “Əvvəla, hələ “altılığ”a düşməmişik. Ora çıxmaq üçünsə hesabımızda olan 10 xal yetərli deyil. Qarşıda hələ çətin oyunlarımız var ki, “Xəzər-Lənkəran”, “Standard”la görüşləri bunlara aid etmək olar. Son turda keçirilən oyunlar bir daha onu göstərdi ki, hazırda zəif komanda yoxdur. Son pillədə gedən “Turan”ın səfərdə “Olimpik-Şüvəlan”la oyunda göstərdiyi əzmkarlıq, xal qazanması buna sübutdur. Bu komanda uduzduğu oyunlarda da xal qazanmağa layiq idi”.

Ukraynalı mütəxəssis son vaxtlar uğurlu çıxışı gördükləri işin məntiqəuyğun nəticəsi sayır. Hərçənd, ötən mövsümün axırı və Avroliqada çıxışı da nəzərə alsaq, son bürünc mükafatçı ardıcıl 5 oyun qələbə üzünə həsrət qalmışdı. Ancaq Pokoranın sözlərinə görə, həmin vaxt istefası məsələsi gündəmdə olmayıb: “Bilirsiniz, biz məşqçilərin taleyi elədir ki, bir əlimizlə işə qəbul olunmaq haqda ərizə yazdığımız vaxtda, o birisi ilə işdən çıxmaq haqda yazmağa özümüzü hazır sayırıq. Mən də hər şeyə hazır olsam da, istefam haqda söhbət olmayıb. Əslində, ilk iki turda “Qəbələ” və “Muğan”la oyunlarda da qələbə qazanmağa layiq idi. Hər halda, bu görüşlərdə tam üstünlüyə malik olsaq da, bundan istifadə edə bilmədik. Heyəti gəncləşdirmişik, 7-8 yeni futbolçumuz var və uyğunlaşma üçün vaxt lazım idi. Artıq oyunumuz sabitləşib və çəkdiyimiz əziyyət bəhrəsini verir. Hazırlıq prosesində çox çalışırıq və bu mütləq müsbət nəticəsini verməlidir”.

Pokoranı narahat edən əsas məsələ çempionatda yaranan üç həftəlik fasilədir: “Bunun nəticəsində komandanın oyun ritmi düşür və onu həmin tonusda saxlamaq üçün əlavə əmək sərf etməli, müəyyən çətinliklərlə üzləşməli olursan. Hərçənd başqa ölkələrin çempionatlarında yığmanın oyunlarına görə bu qədər fasilə yaranmır. Misal üçün, qonşu Gürcüstanda oktyabrın 4-də çempionatda oyun var. Burada isə artıq indidən fasilə yaranıb. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts isə oyunlara xeyli qalmış hazırlığa başlayır, futbolçuları xaricə aparır”.