“Simurq”un daha 2 futbolçusu milli komandaya çağırıldı
28.09.2009 - 17:41
“Simurq”un daha 2 futbolçusu milli komandaya çağırıldı
Zaqatalanın “Simurq” klubunun daha iki futbolçusu milli komandadan dəvət alıb. “Simurq”un baş məşqçisi Roman Pokora apasport.az saytına açıqlamasında yığmamıza cəlb olunan Daniel Axtyamovla yanaşı, latviyalı yarımmüdafiəçi Gennadi Solonitsınla gürcü müdafiəçi Teymuraz Qonqadzenin öz milli komandalarına çağırıldığını bildirib. Qonqadze son turda “Neftçi” ilə görüşdə cəzalı olduğundan oynamadığı halda, Solonitsının kənarda qalması başqa problemlə bağlı imiş: “Onun zədəsi olduğu üçün xidmətindən istifadə edə bilmirik. Ancaq latviyalı futbolçunun zədəsi yüngüldür və milliyə yollanmasından problem yaranmadı. Qonqadze isə Gürcüstan yığmasının qarşıdakı rəsmi oyunlarına çağırılıb. Axtyamovun oynamamağına gəlincə, bu, zədə problemi ilə bağlı deyil. Sadəcə, mövsümə hazırlıq prosesində iştirak etməyən, son anda transfer olunan hücumçu hələ tam hazır deyil. Buna isə vaxt lazımdır. Mən də Axtyamovun oynamasını, oyun praktikasına malik olmasını istəyirəm. Hər halda, yığma üzvü kimi bacarığını göstərməlidir. Daim oynayan Sergey Sokolovun niyə çağırılmadığını deyə bilmərəm. Hər halda, bu, milli komandanızın baş məşqçisinin seçimidir və mən buna qarışa bilmərəm”.

Qeyd edək ki, Solonitsın oktyabrın 10-da Yunanıstanla səfər, bundan dörd gün sonra Moldova yığması ilə ev oyununda iştirak edəcək. Gürcüstan milli komandasının tanınmış argentinalı baş məşqçisi Ektor Kuper isə Qonqadzeni həmin tarixlərdə müvafiq olaraq Çernoqoriya və Bolqarıstanla səfər oyunlarında sınayacaq.