Bülənt Korkmaz: “Bakı” çox aşağı səviyyədədir - MÜSAHİBƏ
28.09.2009 - 23:00
Bülənt Korkmaz: “Bakı” çox aşağı səviyyədədir - MÜSAHİBƏ
“Bakı” klubu bu gün yeni baş məşqçisi Bülənt Korkmazı ictimaiyyətə təqdim edəcək. Türkiyəli mütəxəssis bu toplantıdan öncə apasport.az saytına müsahibə verib

- Öncə izlədiyiniz “Bakı” – “Qarabağ” matçından başlayaq. Bu oyun barədə nə deyə bilərsiniz?
- Oyun daha fərqli ola bilərdi. Amma “Qarabağ” haqq etdiyi qələbəni qazandı. Hazırda "Bakı" taktiki və motivasiya anlamında çox aşağı səviyyədədir. Ötən mövsümü çempion bitirən komandada işlərin daha yaxşı olması lazımdır, amma burada belə deyil. Hər şey tamamən əksinədir.

- Artıq sizi "Bakı"nın baş məşqçisi hesab edə bilərikmi?
- Danışıb, anlaşmışıq. Türkiyədəki işlərimi yoluna qoymaq üçün vətənə qayıtmışam. Artıq sabah (bu gün – red) günorta saatlarında Bakıda olacağam. "Bakı" ilə əməkdaşlığımız uzunmüddətli olacaq. "1+1 il" müddətinə razılaşmışıq. Amma sözləşmənin müddətinin daha artıq olması da mümkündür.

- Cari mövsüm "Bakı" titul qazana biləcəkmi?
- Bu komandanın bəlli bir yerə gəlməsi lazımdır ki, ondan sonra nəticə barədə düşünəsən.

- Bəs bu mövsüm?
- Komanda ötən mövsüm çempion olub. Çempionluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Titula çatmaq çətindirsə, onu əldə saxlamaq daha da çətindir. İndi bu komanda çempionluq titulunu daşıyır. Belə olan halda, meydanda daha fədakar olmalıdır.

- Kluba yeni futbolçular transfer olunub. Jaba, Feliks...
- Jaba Türkiyədə oynamış futbolçudur. "Ankaragücü" və "Ankaraspor"dan onu hamı tanıyır, yaxşı futbolçudur. Amma Feliksi tanımıram, necə oyunçu olduğunu da bilmirəm. Daha əvvəl televiziyada izlədim onu. Yenə də təkrar edirəm, futbolu komanda oynayır, ayrı-ayrı futbolçular yox. Zənnimcə, problem çıxmaz və bütün bilik və bacarığımı toplayıb "Bakı"nın tezliklə güclü bir klub kimi formalaşmasında öz töhfəmi verməyə hazıram. Yalnız onu deyə bilərəm ki, zamana ehtiyacımız var. Bir il ərzində sizin arzuladığınız komandanı yaratmaq mümkünsüzdür, amma çox işlər görmək olar. İlk növbədə yeniyetmə və gənc komandalarla işi düzgün qurmaq lazımdır.

- Komanda oyunu olmasa belə, "Bakı"nın heyətini necə dəyərləndirirsiniz?
- Belə bir şey var, əvvəlcə komanda olacaqsan, sonra oyun göstərəcəksən. Ötən mövsümkü heyəti qorumuşlar, amma keçərli deyil. Burada təsisləşmə gedir. Təsisləşmə işi də 3 ay sonra başa çatacaq. Ortada prezidentin çox böyük əməyi var. Bura bu qədər pul yatırır, deməli, qarşılığı da olmalıdır. Bunun uçun çalışmaq lazımdır. Aşağı yaş qruplarını Yüksək hoca çalışdırır. O da uğurlu işlər görmək istəyir. Pis olan bir şey yoxdur, sadəcə, zamana ehtiyac var. Baxaq Azərbaycan milli komandasına, baş məşqçi Berti Foqtsdur. İndi nəticə yoxdur, amma məşqçiyə zaman lazımdır. Ən azı 4 il onunla işləsələr, inanın, nəticə olacaq.

- "Bakı"nı bir yerlərə gətirmək üçün sizin nə qədər zamana ehtiyacınız var?
- Altı ayda olmaz. Qarşıda proqramım varsa, deməli, 3 il də vaxta ehtiyac var. İndiki heyət çempion olan komandadır. Sadəcə, bir önəmli hücumçunu itiriblər. Qalanlarının hamısı yerdədir. Amma dediyim kimi, komandanın gücü tükənibsə, bunu düzəltmək lazımdır.

- Bildiyimizə görə, klub rəhbərliyinə konkret olaraq nəticə söz verməmisiniz...
- Axı bu mənim heyətim deyil. Mövsümün əvvəlində heyəti mən qurmadım.

- Buna görə, titul söz vermədiz?
- Qarşıda qazanılacaq üç kubok var. İstənilən halda, bunlardan birinin qazanılması lazımdır. Ən pis halda, ölkə kuboku əldə olunmalıdır.

- İndiki məşqçilər korpusu ilə işləməyəcəksiniz?
- Hələ əvvəlcə klub rəhbərliyi ilə razılaşaq, sonrasına baxarıq. İndidən nəsə söyləmək tez olardı.

- Sizə burada böyük ümidlər var...
- Tamam, amma zamana ehtiyac var. İndidən desəm ki, bütün kubokları qazanacam, yalan olar. Bir məqam da var, əgər buradakı futbolçular mənim istədiklərimi edə bilsələr, onlardan lazım olanı ala bilsəm, o zaman problem yoxdur, hər şey qaydasında olar. Hər getdiyim yerdə aşağı komandadan 2-3 futbolçunu əsas komandaya götürüb, oynatmağa çalışıram. Yüksək hoca deyir ki, potensial var, deməli, vaxt lazımdır. Klub prezidenti Hafiz Məmmədovla görüşüb detalları müzakirə etdik. Mən bu klubun həmişə iddialı olduğunu bilirəm. Bu səbəbdən dialoq qurmaqda çətinlik çəkmədik.

- Bir neçə gün əvvəl sizinlə danışanda söylədiniz ki, hələ avrokuboklar başlayandan "Bakı"nın oyunlarını izləyirsiniz. Artıq müəyyən etmisizmi ki, hansı futbolçularla yollar ayrılacaq?
- Bunu indidən söyləmək olmaz. Ən azından doğru olmaz. Bu klubun prezidenti var, komandaya yatırım ayırıb. Bunu da Azərbaycan futbolunun inkişafı üçün edib. Bu komandada pul qazanmaq, uğur qazanmaq istəyən hər bir futbolçu "Bakı"nın oyunçusudur. Mənə zaman keçirən futbolçu lazım deyil.