İlqar Quluzadə: Bunu heç Xaqani Məmmədov da dana bilməz
28.09.2009 - 23:08
İlqar Quluzadə: Bunu heç Xaqani Məmmədov da dana bilməz
“Nə istefa? Mən öz işimdəyəm. Klub prezidenti Əkbər müəllimlə oyun barədə danışmışam, amma istefadan söz düşməyib”. Bu sözləri “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.

Hesabat turunda “Simurq”a məğlubiyyətdən sonra Quluzadənin istefa göndərilməsi barədə xəbərlər yayılıb. Bunu təkzib edən vitse-prezident bildirib ki, Zaqatala təmsilçisinə yenilginin səbəblərini araşdıracaqlarını deyib. Onun fikrincə, məğlub olmalarında hakimlər briqadasının da səhvi olub: “Fariz Yusifov və köməkçilərinin qonaqlara simpatiyasını heç AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da dana bilməz. FİFA referisi hər iki hissədə komandamızın əleyhinə yanlış qərarlar çıxardı ki, belə epizodlar adətən ikili mübarizələrdən sonra yaranırdı. Yusifov flaqmanın rəqib qapısına yaxınlaşmaması üçün əlindən gələni əsirgəmirdi. Hətta qaydanı qonaqlar pozduğu halda, "Neftçi"nin topla hərəkətinə imkan vermir, tempi aşağı salırdı. 59-cu dəqiqədə Andrey Malıgin cərimə meydançası həndəvərində Valentin Atemin formasından çəkdi, fiti yenə susdu. Düzdür, son 10 dəqiqədə valı dəyişib, ev sahiblərini vəziyyətdən çıxarmağa çalışdı. Rəşad Abdullayev və Adrian Neaqaya sarı vərəqə göstərməyə ürək eləmədi ki, bu da bizə anlaşılmaz qaldı. Görünür, ev sahiblərinin daha ciddi qəzəbinə tuş gəlməkdən qorxdu”.

Quluzadənin fikrincə, hakimin şübhəli epizodlarda "Simurq"a tərəfkeşlik etməsi nəticəyə təsirsiz ötüşməyib: “Guya, "Simurq" futbol oynayırdı ki? 11 nəfərlə dolmuşdular qapıya, topu ayaqlarına düşən kimi vururdular qabağa. Ötən oyunlara baxanda bu dəfə komandamız yaxşı təsir bağışladı. Qol vəziyyətlərimiz oldu. Valentin Atem heç ümidləri doğrultmur. İkinci hissədə "Simurq" heç mərkəzi keçə bilmirdi. Oyun ərzində cəmi iki dəfə qapımıza yaxınlaşdılar. Qələbə üçün meydana çıxsaq da, hakimlərin səhv qərarları əleyhimizə işlədi".