“O futbolçular komandadan qovulacaq”
28.09.2009 - 23:22
“O futbolçular komandadan qovulacaq”
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Hafiz bəy, komandanız hesabat turunda da məğlub oldu...
- Nə oyundan razı qaldım, nə də nəticədən. Hamınız görürsünüz, "Bakı" uğursuzluq zolağına düşüb. "Qarabağ"a uduzmağımız da həmin o uğursuzluğun nəticəsi idi. "Qarabağ" gənc komanda olmasına baxmayaraq, gözəl oyun nümayiş etdirdi və haqlı, layiqli qələbə qazandı.

- Hacıyevskinin gedişindən sonra komandanız barəsində xoşagəlməz söz-söhbətlər yaranıb...
- Hacıyevskiylə bu günə kimi gözəl münasibətlərimiz qalmaqdadır. Pis məşqçi olduğuna görə getmədi. O insan çox gözəl məşqçidir. Öz dəsti-xəttini, izini qoyub bizim komandada. Onunla danışdıq ki, klubda qalsın. Bizə lazım olan sahələrdə çalışsın, yenə də xeyir versin. Komandadakı ab-havanı dəyişmək üçün nə isə etmək lazım idi. Hacıyevski bunu özünün getməsində gördü. İstefa qərarı özünə məxsusdur. Özü də gördü ki, daha belə davam edə bilməz.

- Klubda hansı işlə məşğul olacaq?
- Bunu hələ tam müəyyən etməmişik. Baxacağıq, hansı sahədə lazım olsa, orada işləyəcək.

- Bəs Bülənt Korkmaz variantı necə çıxdı ortaya?
- Xatırlayırsınızsa, bir müddət əvvəl bizim dəvətimizlə Bakıya gəlmişdi. Buradan gedən kimi də "Qalatasaray"ın baş məşqçisi təyin edildi. Onunla gözəl münasibət qurmuşduq. Məsələ belə olandan sonra bizə təkliflər oldu, Aleksandr Starkov, Viktor Qonçarenko və başqa məşqçilərin namizədliyi ortaya çıxdı. Amma əlaqələrdən istifadə edib, Büləntlə danışdıq. İnanıram ki, "Bakı"da dönüş yarada biləcək. Ola bilsin, bu uğursuzluq bir-iki ay da davam etsin. Çünki komandanın indiki durumu çox pisdir. Büləntin iş metodu tam fərqlidir. Onun başçılığı altında komanda hər gün səhər saat 9:00-da bir yerə yığılacaq, yüngülvari səhər yeməyi olacaq, bundan sonra onlarla söhbət edəcək. Bu da o deməkdir ki, heç olmasa, futbolçular günün yarısını bir yerdə keçirsin. Əvvəlcə kollektiv yaratmaq lazımdır ki, komandamız bir ailə kimi birləşsin.

- Digər variantlardan kimləri müzakirə etdiniz?
- Əlbəttə, variantlar vardı. Amma zaman çox az idi. Bizdə aşağı yaş qrupları üzrə komandalara türkiyəli məşqçilər rəhbərlik edir. Buna görə qərara aldıq ki, əsas komandaya da qardaş ölkədən məşqçi gətirək. Heyəti götürsək, biz çox qoca komandayıq. Futbolçuların çoxunun 27-dən artıq yaşı var. Yayda da demişdim ki, transfer zamanı az oyunçu alın, amma yaxşı, səviyyəli olsun, qiymətlərinin çoxluğu önəmli deyil. Bizdə 25-26 futbolçu var, 17-si əcnəbidir. Səhv işlərimizdən biri də o oldu ki, bu il 8-9 legioner aldıq. Halbuki, 4 legionerlə də keçinə bilərdik. Stabil heyətimiz yoxdur. Hər dəfə fərqli heyət meydana çıxır. Komanda oyunu yoxdur. Səviyyəcə güclü futbolçularımız var, amma oyunları getmir.

- "Bazel"ə məğlubiyyətdən sonra Hacıyevskini istefaya göndərmək daha düzgün deyildimi? Bunda vaxtınız da çox olacaqdı.
- Mən hər bir insana şans verirəm. İsveçrədəki matçdan sonra da Hacıyevskiyə şans verdim. Bilirsiniz, istənilən halda komanda uduzsa, burada məşqçi günahkar olur. Hər yerdə belədir. Dost olaraq ona yenə zaman verdim, ancaq özü də gördü ki, belə ab-hava ilə davam edə bilməyəcək.

- Hacıyevski bildirib ki, rəhbərlik yalnız vitse-prezident Zeynal Məmmədov səviyyəsində ona dəstək olub. Amma 4-5 futbolçu bilərəkdən oynamayıb. Bir də, kənardan ona təzyiqlər göstərilib. Bu fikirlərlə razısız?
- Bunlar boş söhbətdir. Yayda da deyirdilər ki, Hacıyevski getməlidir. Onda niyə kənar qüvvələr yox idi? 3-4 nəfər bilərəkdən oynamayıb? Futbolda elə bir şey yoxdur. Hacıyevski hələ komandadan getməyib, bizimlə bir yerdədir. Bülənt Korkmazla oturub məsləhətləşəcəklər. Əgər elə futbolçu varsa, onda onların adlarını deməlidir. Həmin futbolçular "Bakı"dan uzaqlaşdırılacaq. Çünki sabah Bülənt Korkmazın da başına elə iş aça bilərlər. Hələ də inanmıram ki, "Bakı"da pis fikirli futbolçular olsun.

- Bildiyimizə görə, Korkmazın qarşısında 3 şərt qoymusuz - "Birlik Kuboku", ölkə çempionluğu və ölkə kuboku. Amma türkiyəli bunlardan heç birinə söz verməyib. Deyib ki, nəticəyə ancaq gələn mövsümdən etibarən cavabdeh ola bilər.
- Mənə dedi ki, qarşıdakı bir-iki ayda məndən heç nə tələb etməyin. Özü açıq şəkildə bildirdi ki, qış fasiləsinə kimi ondan böyük uğurlar gözləməyək. "Bakı"da yeni iş üslubu olacaq. Bir çox futbolçu qış fasiləsində gedə bilər. Ad çəkməyəcəm, amma deyə bilərəm ki, dövrələrarası vaxtda çox səviyyəli 3-4 futbolçu almaq fikrimiz var.

- Türkiyə Superliqasından?
- Namizədlərin siyahısını yeni baş məşqçimiz müəyyənləşdirəcək. Cavabdeh olduğu sahədə ona tam sərbəstlik veriləcək. Mən ümumiyyətlə, heç vaxt baş məşqçilərin işinə qarışmamışam. Məşqçilərə vaxt verilməli və şərait yaradılmalıdır ki, qarşısına qoyulan məqsədə çata bilsin. Tez-tez dəyişiklik etməyin də tərəfdarı deyiləm.

- Artıq müqavilə şərtlərini razılaşdırmısınız?
- Bülənt Türkiyədən qayıdandan sonra 1+1 prinsipi üzrə müqavilə bağlayacağıq. Özü belə istədi.

- Anlaşmanın maddi tərəfi barədə Türkiyə mətbuatı bir neçə versiya irəli sürüb. Onun ilinə 400 min avro qazanacağı söylənilir.
- Maliyyə şərtlərini öz aramızda razılaşdırmışıq. Problem olmayacaq. Hər şey edəcəyik ki, "Bakı"da işləmək ürəyincə olsun. "Qarabağ"la oyunda onunla xeyli diskussiya apardım. Fikirlərini dinlədim, planlarını öyrəndim. Elə axtardığım mütəxəssisdir. Mən komandamın sürətli və baxımlı futbol oynamasını istəyirəm. Xoşum gəlir ki, daim hücum edək, qol vuraq. Dörd tura cəmi 1 qol vurmuşuq. Oyun itib, söz-söhbətlər artıb. Türkiyədə inanmırlar ki, Bülənt kimi məşqçi Azərbaycanda işləyəcək. Bir çox klublardan dəvət alsa da, getməyib. Hörmətimiz qarşılıqlıdır. Biz "Böyük "Bakı"-2012" planından danışırıqsa, işlərimizi də o səviyyədə qurmalıyıq.

- Yeni baş məşqçinin işi çempionatda asan olmayacaq. Komanda artıq xeyli xal itirib.
- Jaba da daxil olmaqla, yeni oyunçularımız hələ özlərindən söz etdirə bilməyiblər. İstənilən klub uğursuzluqdan sığortalanmayıb. Bu gün "Bakı" belə vəziyyətə düşübsə, sabah başqaları ola bilər. Çempionat iki mərhələdən ibarətdir. Dörd oyuna görə fikir yürütməyək. Uduzduğumuz oyunların acısını irəlidə çəksək belə, ruhdan düşməməliyik. Korkmaz ciddi nizam-intizam yaradacaq. "Bakı"nın futbolçularında çatışmayan cəhətlərdən birini mən sizə dedim. Yeni baş məşqçinin arxasında dayanmışam. Ona kənardan heç kim təsir edə bilməz. İslahatların davam etməsi istisna deyil.