Azərbaycan yığmasının sabiq futbolçusu cəzalandı
29.09.2009 - 12:28
Azərbaycan yığmasının sabiq futbolçusu cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığıncaqda həftəsonu keçirilən qarşılaşmalarda baş verənlər müzakirə olunaraq uyğun qərarlar çıxarılıb.

UniBank Premyer Liqasının VI turunun “İnter” – “Qəbələ” və “Neftçi” – “Simurq” oyunlarında qonaq komandaların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. “Olimpik-Şüvəlan” – “Turan” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri də eyni aqibətlə üzləşib. “Karvan” – “Standard” oyununun 90-cı dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün meydandan qovulan Markos Ferreira 1 oyunluq cəzalanıb. Yevlaxlılar Azərbaycan milli komandasının sabiq oyunçusuna görə 200 manat cərimə də ödəyəcək.

UniBank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun oyunlarında da xoşagəlməz hadisələr qeydə alınıb. “İnter” – “Qəbələ” oyununun 64-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Azər Həşimov 2 oyunluq cəzalanıb və qəbələliləri 1000 manat ziyana salıb. “Karvan” – “Standard” oyununda ikinci sarı vərəqə alaraq meydandan qovulan Ayaz Mehdiyevin cəzası isə yüngül olub. “Standard”ın futbolçusu 1 oyunluq, klubu isə 200 manat cəzaya layiq görülüb.

Azərbaycan çempionatının I divizionunun III turunun “Göyəzən” – “Şahdağ” matçında hər iki klubun 4, “MKT Araz” – “Anşad-Petrol” oyununda meydan sahiblərinin 5, “Bakılı” – “Neftçi” İSM qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 100 manat cərimə olunub.