Vaqif Sadıqov: Başa düşürəm ki, ağır yükün altına girirəm
29.09.2009 - 13:49
Vaqif Sadıqov: Başa düşürəm ki, ağır yükün altına girirəm
“Hə, artıq məni “Neftçi” klubunun baş məşqçisi kimi təbrik etmək olar. Artıq bu vəzifəyə təyinatım rəsmiləşib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun yeni baş məşqçisi Vaqif Sadıqov deyib.

Bu ilin aprelin 1-də 50 illik yubileyini qeyd edən mütəxəssis flaqmanın sükanı arxasında həmkarı Böyükağa Ağayevi əvəzləyib. UniBank Premyer Liqasının IV turunda “Muğan”la ev oyununda məğlubiyyətdən (0:2) sonra səhhətində problem yaranan 62 yaşlı Ağayev həkimlərin məsləhəti ilə istirahətə yollandı. Nəticədə komandanı “Standard”la səfər (2:1), “Simurq”la ev oyununa (0:1) köməkçi məşqçi Arif Əsədov çıxarmalı oldu.

Flaqmanın ardıcıl ikinci dəfə evdə uduzması baş məşqçi ilə bağlı dəyişikliyə və Sadıqov kimi təcrübəli mütəxəssislə əməkdaşlığa zəmin yaratdı: “Rəhbərliklə bugünkü görüşümdən sonra məsələ həllini tapdı. Başa düşürəm ki, ağır yükün altına girirəm. Ancaq hər halda, “Neftçi” kimi klubdan təklif almaq böyük şərəfdir. Rəhbərliyə bu etimada görə minnətdarlığımı bildirirəm. “Neftçi”nin baş məşqçisi olmaq həm şərəfli, həm də məsuliyyətli işdir. Komandanın uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Bütün qüvvəmizi səfərbər edib, hamılıqla “Neftçi”nin simasını qaytarmağa çalışacağıq”.

Dörd ay öncə milli komandaya məşqçi təyin edilən Sadıqov bu postda “İnter”in məşqçisi Elxan Abdullayevi əvəzlədi. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun köməkçisi olan təcrübəli mütəxəssisin “Neftçi”yə təyinatından sonra yığmadakı taleyi maraq doğurur: “Bu məsələ hələ açıq qaldığı üçün dəqiq bir şey deyə bilmərəm. Bunun üçün AFFA rəhbərliyi və milli komandamızın baş məşqçisi ilə görüşüb söhbətləşməliyəm. Bundan sonra məsələyə aydınlıq gələcək”.