“Neftçi” klubuna baş məşqçini Berti Foqts təyin edir?
29.09.2009 - 14:20
“Neftçi” klubuna baş məşqçini Berti Foqts təyin edir?
Vaqif Sadıqov 14 illik fasilədən sonra Bakının “Neftçi” klubunun baş məşqçi postuna qayıtdı. Apasport.az saytının məlumatına görə, 1993-1995-ci illərdə flaqmanı çalışdıran Sadıqov məşqçiliyə elə bu komandada başlayıb və işi uğurlu alınıb.

Belə ki, “Neftçi” 1994 və 1995-ci illərdə məhz onun rəhbərliyi altında ardıcıl iki dəfə ölkə kubokunu qazanıb. Sadıqov 34 yaşında buna nail olmaqla, futbol tariximizdə rekorda imza atıb. “Neftçi” avrokuboklarda məhz onun rəhbərliyi altında debüt edib. Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Kiprin APOEL klubu ilə səfərdə böyük hesabla uduzan (0:3) flaqman Sumqayıtda keçirilən cavab görüşündə qolsuz heç-heçə edib. Klublarımızdan avrokuboklarda ilk xalını qazanan məhz Sadıqovlu “Neftçi” olub.

1995-ci ildə baş məşqçi postunu təcrübəli həmkarı Kazbek Tuayevə təhvil verən çalışdırıcı daha sonra “Fərid” və “ANS-Pivani” klublarını da çalışdırsa da, uğur qazana bilməyib. Futbolçu karyerasının ən yaxşı illərini “Neftçi”də keçirən Sadıqov üçün 1981-87, 1989-cu ildə “ağ-qaralar”ın şərəfini qoruyub. Keçmiş yarımmüdafiəçi bu komandanın heyətində SSRİ çempionatının güclülər dəstəsində 92 (2 qol), birinci liqada 23 oyun keçirib.

Məşqçilik karyerasının əsas hissəsi milli komanda ilə bağlı olan Sadıqov demək olar bütün yığmalarda çalışıb. O, milli komandamızın üç dəfə baş məşqçisi olmaqla rekorda imza atıb. Yeri gəlmişkən, yığmada ikinci dəfə çalışdığı vaxtda “Neftçi”nin baş məşqçi postunda əvəzlədiyi Böyükağa Ağayevlə bir yerdə çalışıb, Tuayevin köməkçiləri olublar. “Gənclərbirliyi”ndəki (Sumqayıt) fəaliyyətini nəzərə almasaq, Sadıqov 9 illik fasilədən sonra klubda baş məşqçi olacaq. Hər halda, Sumqayıt təmsilçisinə vitse-prezident postunu tuturdu. “Gənclərbirliyi” ötən il dağıldıqdan sonra təcrübəli mütəxəssis bir il işsiz qaldı.

Dörd ay öncə milli komandamızda məşqçi postunda Elxan Abdullayevi əvəzləyən Sadıqov bu müddətdə almaniyalı baş məşqçi Berti Foqtsun köməkçisi olub. Maraqlıdır ki, bundan əvvəl də Foqtsun köməkçisi “Neftçi”yə baş məşqçi təyin olunmuşdu. Ancaq Foqtsun həmyerlisi olan Hans-Yurgen Gedenin fəaliyyəti qısamüddətli və uğursuz oldu. Təsadüfi deyil ki, Gede cəmi yarım ildən sonra istefaya göndərildi.

Yeri gəlmişkən, həmin vaxt Gedenin “Neftçi”nin sükanı arxasına keçməsinin təşəbbüskarı Berti Foqts olmuşdu. Görəsən, alman çalışdırıcı bu dəfə də öz köməkçisini flaqmana göndərib?