İlqar Quluzadə də “Neftçi”dən kənarlaşdırıldı - YENİLƏNİB
29.09.2009 - 17:40
İlqar Quluzadə də “Neftçi”dən kənarlaşdırıldı - YENİLƏNİB
“Neftçi”dən istefaya göndərilməyim başqa işə keçməyimlə bağlıdır. Yeni işimlə bağlı konkret onu deyə bilərəm ki, bu, futbol sahəsi deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi” klubunun vitse-prezidenti postundan kənarlaşdırılan İlqar Quluzadə deyib.

“Neftçi” rəhbərliyində baş verən dəyişiklər nəticəsində vitse-prezident postunu Tahir Süleymanova təhvil verən Quluzadə bu gün keçirilən tədbirdə jurnalistlər qarşısına çıxmışdı. O, Böyükağa Ağayevin səhhətində problem yaranmasından sonra boş qalan baş məşqçi postuna yalnız Vaqif Sadıqovun namizəd olduğunu bildirib: “Sadıqovdan başqa namizəd yox idi. Çempionata uğurlu başlamışdıq. Mövsümün əvvəlində hesabımızda üç qalibiyyət vardı, bir müddət lider idik. Təəssüf ki, son ev oyunlarında uduzduq. Ancaq çempionat yeni başlayıb. Turnir cədvəlinə diqqət yetirdikdə liderlərdən cəmi 1 xal fərqimizin olduğunu görürük. Bu fərq isə azdır və 1 xal geri qalmağı uğursuzluq saymaq düzgün deyil. İndidən hələ heç nə bilinmir və qarşıda hələ çox oyunlar var”.

“Neftçi”də fəaliyyətinə icraçı-direktor kimi başlayan Quluzadə ötən ilin iyununda vitse-prezident təyin edilmişdi. Onun bundan sonra futboldan kənarda, neft-qaz sektorunda çalışacağı gözlənilir.