Bülənt Korkmaz “Bakı” klubuna 5 futbolçu cəlb etdi
30.09.2009 - 13:11
Bülənt Korkmaz “Bakı” klubuna 5 futbolçu cəlb etdi
Bu gün “Bakı” klubu yeni baş məşqçisi Bülənt Korkmazın rəhbərliyi altında ilk məşqinə çıxıb. Komandanın vitse-prezidenti Tunc Afşar apasport.az saytına açıqlamasında bildirib ki, hazırlıq prosesini sabah axşam saatlarında yollanacaqları Türkiyədə davam etdirəcəklər. Onun sözlərinə görə, Antalyada 10 günlük təlim-məşq toplanışı ilə bağlı təşkilatı işlər yoluna qoyulub.

“Səhər komandanı ilk məşqə çıxaran Korkmazın növbəti məşqi bu gün axşam saatlarında olacaq. Sabah saat 20:00-da Bakı – İstanbul - Antalya hava reysi ilə səfərə çıxacağıq. Oktyabrın 12-dək davam edəcək təlim-məşq toplanışında gündə iki dəfə çalışmalardan ibarət olacaq. İmkan olarsa, yoxlama oyunu keçirilməsi də mümkündür. Korkmazın köməkçilərindən yalnız Utku Yüklüoğlu burada deyil. “Qalatasaray”da onun köməkçisi olmuş fiziki hazırlıq üzrə bu mütəxəssis Türkiyədə komanda qoşulacaq” – deyə Afşar bildirib.

Antalyaya 27 futbolçunun aparılacağını deyən Afşar vurğulayıb ki, bunlardan beşi əvəzedici komandanın üzvləridir: “Bunlar qapıçı Nicat Gözəlov, müdafiəçi Hacı Əhmədov, yarımmüdafiəçilər Kiril Bejonarla Orxan Bəşirov və hücumçu Rəhman Əzizovdur. Əsas komandamızdan 4 futbolçu müxtəlif yığmalara dəvət alıb. Belə ki, Saşa Yunisoğlu Azərbaycanın əsas, Aqil Məmmədovla Bəxtiyar Soltanov 21 yaşlılardan ibarət yığmamıza, Aleksey Savinov isə Moldovanın milli komandasına çağırılıb. Onlar yığmanın rəsmi oyunları ilə əlaqədar Antalyadakı hazırlıq prosesimizdə iştirak edə bilməyəcək. Korkmaz onların əvəzinə əvəzedici komandada çıxış edən 5 yeniyetmə futbolçuya Türkiyəyə yollanan heyətdə yer verib”.