Cəmşid Məhərrəmov: Əgər kimsə bilərəkdən oynamırsa, o, nakişidir! - MÜSAHİBƏ
30.09.2009 - 23:57
Cəmşid Məhərrəmov: Əgər kimsə bilərəkdən oynamırsa, o, nakişidir! - MÜSAHİBƏ
Həftəsonu “Bakı”nın UniBank Premyer Liqasının VI turunda evdə “Qarabağ”a minimal hesablı məğlub olduğu oyunun ilk 45 dəqiqəsində forma geyinən Cəmşid Məhərrəmov məşqçilərin etibar etdiyi futbolçulardan hesab olunur. “Bakı”nın sabiq çalışdırıcı Qyoko Hacıyevskinin güvəndiyi futbolçulardan olan Məhərrəmov oynadığı futbolla millinin baş məşqçisi Berti Foqtsun da diqqətini çəkməyi bacarıb. Mütəmadi olaraq ölkənin bir nömrəli komandasına dəvət alan yarımmüdafiəçi bu dəfə əsas yığmadan uzaq qalıb. Komandanın son oyunlardakı uğursuz çıxışına, mövsümün əvvəlində “Qarabağ”a keçidinə və milliyə dəvət olunmamasına münasibət bildirən 26 yaşlı futbolçu “Futbol dünyası” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.

- “Bakı” avrokubok oyunları da daxil olmaqla, son 8 oyunda cəmi bir qələbə qazanıb. Qalan görüşlərin 5-də məğlub olub. Sən komandanın uğursuz çıxış etməsini nə ilə əlaqələndirirsən?
- “Bazel”lə oyundan sonra komandada eniş dövrü başladı. Hər şeyin qaydasına düşməsinə çalışırıq, əlimizdən gələni edirik. Futbolçu olaraq bizdə heç bir problem yoxdur. Həmçinin məşqçilər və rəhbərlik arasında bir anlaşılmazlıq olmayıb. Komandanın bu vəziyyətə düşməsini anlamaq olmur. Məşqlər zamanı məşqçilərin verdikləri tapşırıqları tam yerinə yetiririk, canla-başla hazırlıq keçirik. Ancaq təəssüf ki, bunun bəhrəsini oyunlarda görə bilmirik. Bir sözlə, hər şey qaydasında olsa da, oyunumuzun niyə belə alındığını bilmirik. Çalışacağıq ki, qarşıdakı matçlarda bu uğursuz gedişə son qoyaq. Belə davam etmək olmaz.

- Səncə, futbolçularda avrokuboklardakı oyunların yorğunluğu hiss olunurmu? Bəlkə ona görə də istədiyiniz oyunu nümayiş etdirə bilmirsiniz?
- Vallah, nə deyim? Ola bilər. Çünki həqiqətən çox çətin oyunlar keçirdik.

- Artıq komandanın sabiq baş məşqçisi Qyoko Hacıyevski istefaya göndərilib. Mətbuata verdiyi açıqlamada o, futbolçuları ittiham etmişdi. Konkret bəzi futbolçuların bilərəkdən oynamadığını bildirmişdi. Bununla bağlı sənin fikirlərini bilmək maraqlı olardı...
- Əgər hər hansı bir futbolçu bilərəkdən oynamırsa, o, nakişidir. Baş məşqçiyə qarşı belə bir hərəkət olubsa, onlar futbolçu deyillər. Çünki bu komandaya futbolçuları Hacıyevski özü yığmışdı. Yəni o olmasaydı, onlar da bu gün “Bakı”nın formasını geyinməzdilər.

- Sən komandanın içində olan bir şəxs kimi nə deyə bilərsən? “Bakı”da qruplaşma varmı?
- Onu deyə bilmərəm. Başımı salıb öz işimlə məşğul oluram. Bir futbolçu kimi üzərimə düşəni edirəm. Mənim nə qruplaşma ilə aram var, nə də digər məsələlərlə. Təəssüfləndiyim məqam ondan ibarətdir ki, klub rəhbərliyi bizim üçün bu qədər əziyyət çəkir, işlər görür, hər cür şərait yaradır, ancaq bunun qarşılığını qələbələrlə verə bilmirik. İstəyirik ki, qələbə qazanaq. Nə qədər belə davam etmək olar axı?

- Artıq komandanın yenə baş məşqçisinin adı məlumdur. Səncə, Bülənt Korkmaz komandaya yeni ruh gətirəcəkmi?
- Onu zaman göstərəcək. İndidən nəsə demək düz olmaz. Ümid edirəm, bu dəyişiklik komandamıza xeyir gətirəcək.

- Belə bir dəyişikliyə ehtiyac var idimi?
- Bu barədə mənim bir söz deməyim düz çıxmaz. Çünki bu, klub rəhbərliyinin öz işidir. Onların işinə müdaxilə etməyə ixtiyarım yoxdur. Mənim vəzifəm meydana çıxıb “Bakı”nın uğuru üçün mübarizə aparmaqdır.

- Yay başlayan kimi, “Qarabağ”a keçdin. Ancaq sonradan nədənsə bu transfer baş tutmadı. Ağdam klubu Avropada uğurlu çıxış edərək tarix yazdı. Həftəsonu keçirilən oyunda da sizin komandanı məğlub etdi. “Qarabağ”a keçidinin alınmamasına görə təəssüflənirsənmi?
- Nəyə görə təəssüflənməliyəm ki? Bir iş idi olmuşdu. Mən “Bakı”da hansı insanlara görə oynayıramsa, onlara görə də buradayam. İnsan çörəyini ayaqlaya bilməz. Əgər “Qarabağ”da mənə qarşı inciklik varsa, yəqin ki, başa düşərlər. İndi ancaq “Bakı”nın uğurları üçün çalışıram.

- Yaxşı bəs “Qarabağ”a keçidin niyə reallaşmadı?
- Özüm geri qayıtmaq istədim. Sağ olsunlar, onların rəhbərliyi də mənim bu fikrimə anlayış göstərdilər. Düzdür, əvvəlcə buraxmaq istəmədilər, ancaq sonradan razılıq verdilər.

- Qarşıda milli komandamızın iki çətin oyunu var. Sən də milliyə namizədsən. Bu oyunlardan nə gözləyirsən?
- Hər iki oyunda milli komandaya uğurlar arzulayıram. Bu dəfə milliyə dəvət olunmamışam. Keçən dəfə zədəm olduğu üçün çağırılmamışdım. Yəqin bunu düşünərək bu dəfə mənim xidmətimə ehtiyac duymayıblar. Millinin qələbə qazanması Azərbaycan klublarının qələbəsi deməkdir. İnşallah qarşıdakı oyunlarda uğurlu çıxış edərək millətimizə sevinc bəxş edərlər. Çünki xalqımızın buna böyük ehtiyacı var. Biz futbolçular ölkə futbolunun inkişaf etməsini istəyirik. Çünki bu sahədən çox adam bəhrələnir. Həkimi, futbolçusu, məşqçisi, hakimi, jurnalisti və s. Hər dəfə məğlub olanda biz də pis oluruq. İstəmirik hər oyundan sonra bizə desinlər ki, yenə uduzdular.

- Lixtenşteynlə evdə qolsuz heç-heçə etdik. Səncə, bu komandanı səfərdə məğlub etmək olarmı?
- İnşallah udacağıq. Ən böyük arzularımdan biri budur ki, həm milli komandamız, həm də klublarımız beynəlxalq oyunlarda yaxşı futbol nümayiş etdirsin ki, heç olmasa kənardan baxanda bizə də hörmətlə yanaşsınlar. Hər bir azərbaycanlı kimi mən də, milli komandamızın qələbə qazanmasını istəyirəm. Fərqi yoxdur meydanda kim olacaq, mən və ya başqası. 8 milyon insanın duaları onların yanında olacaq.