“Xəzər-Lənkəran” 13 yaşlı türk futbolçu ilə anlaşdı!
30.09.2009 - 23:00
“Xəzər-Lənkəran” 13 yaşlı türk futbolçu ilə anlaşdı!
Azərbaycan milli futbol komandasına namizəd Cem Fələk “Xəzər-Lənkəran”la rəsmi müqavilə imzalayıb. Bu haqda apasport.az saytına futbolçunun atası Vural Fələk məlumat verib.

Almaniyada yaşayan 13 yaşlı Cem Frankfurtun “Ayntraxt” klubunda çıxış edir və çox istedadlı futbolçulardan sayılır. Bakıya qısa müddətli səfər edən Vural Fələkin sözlərinə görə, oğlunun transfer hüquqları artıq bundan sonra “Xəzər-Lənkəran”a məxsus olacaq: “Danışıqlarımız artıq müsbət nəticələnib. Müqavilə imzalamaq üçün Bakıya gəlmişik və münasibətlərimizi rəsmiləşdirdik. “Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimov oğluma böyük diqqət göstərir. Biz də bütün bunları qiymətləndirərək, anlaşmaya razılıq verdik. Oğlum da bunda iştirak etdi. Anlaşmanın müddəti üç illik nəzərdə tutulub. Artıq Cemin transfer hüquqları “Xəzər-Lənkəran”a məxsusdur. Hərçənd onun hazırkı klubu “Ayntraxt” bunu əldə etmək istəyirdi. Ancaq biz “Xəzər-Lənkəran”a üstünlük verdik. Gələcəkdə oğlumu transfer etmək istəyən klub lənkəranlılarla danışıqlar aparmalıdır”.

Vural Fələk onu da bildirib ki, oğluna Türkiyə Futbol Federasiyasından da dəvət gəlib: “Bu qurumun texniki direktoru Ərdal Kəsərin imzası ilə rəsmi sənəd almışıq. Orada oğlumun Türkiyənin 15 yaşlılardan ibarət yığma komandasının təlim-məşq toplanışına dəvət edilməsi göstərilib. Bu, oktyabrın 6-dan 8-dək İstanbulda olacaq. Vaxt azlığını nəzərə alaraq Bakıda çox qala bilməyərək, geri qayıtmalıyıq. Oktyabrın 5-də Düsseldorf – İstanbula hava reysi ilə Türkiyəyə yollanacağıq”.

Qeyd edək ki, milliyətcə türk olan Fələk ailəsi uzun müddətdir Almaniyada yaşayır. Bakıya Cemlə birgə əvvəlki səfərində AFFA-nın baş katibi Elxan Məmmədovla görüşən Vural Fələk oğlunun gələcəkdə milli komandamızda oynamasını istəyir. Elə Cemin özü də bunu arzulayır.