Cadugər öz işini gördü: Ronaldo zədələndi
01.10.2009 - 11:25
Cadugər öz işini gördü: Ronaldo zədələndi
Ötən mövsüm dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldonu izləyən cadugər işini görüb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ında oynayan 24 yaşlı portuqaliyalı yarımmüdafiəçinin zədələnməsi üçün tutulan və buna görə yaxşı pul verilən cadugərin üzə çıxarılmasından sonra xoşagəlməz olay baş verib.

Belə ki, Ronaldo “Marsel”lə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyununda 60-cı dəqiqədə dabanından zədə alıb və görüşü sona qədər davam etdirə bilməyib. Həmin epizodda öz cərimə meydanında təhlükəli sürüşmə fəndi yerinə yetirən “Marsel”in futbolçusu həm Kriştianuya xəsarət yetirib, həm də qapılarına penalti zərbəsi təyin edilməsinə səbəbkar olub. Kaka bu zərbəni dəqiqə yerinə yetirməklə, hesabı 2:0-a çatdırıb. Maraqlısı odur ki, Ronaldo meydandan çıxana qədər, yəni 64-cü dəqiqədə “dubl”unu rəsmiləşdirməyə imkan tapıb. Ancaq 70-ci dəqiqədə zədə öz sözünü deyib və portuqaliyalı yerini argentinalı hücumçu Qonsalo İquainə verməli olub.

Ronaldonun zədəsinin nə qədər ciddi olması dərin tibbi müayinə göstərəcək. İlk müayinə futbolçunun əzələ bağlarının dartıldığını göstərib. Kriştianunun oktyabrın 4-də İspaniya Primerosunun növbəti turu çərçivəsində “Sevilya”ya ilə görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, “Mançester Yunayted”dən alınan Ronaldo “Real”ın heyətində ÇL-i də nəzərə alsaq, keçirdiyi 7 görüşdə artıq 9 qol vurub.