Lixtenşteyn yığması Azərbaycanla oyuna baş məşqçisiz çıxacaq?
01.10.2009 - 12:11
Lixtenşteyn yığması Azərbaycanla oyuna baş məşqçisiz çıxacaq?
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan milli komandasını qəbul edəcək Lixtenşteyn yığması matçadək baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə” təmsilçisinin çalışdırıcısı Hans-Peter Zauq vəzifəsindən ayrıla bilər. Məsələ burasındadır ki, sözügedən mütəxəssisə İsveçrənin “Arau” klubundan təklif gəlib.

Zauq “Arau”nun prezidenti ilə görüşməsə də, cəlbedici təklif alacağı halda, postundan ayrılacağını bildirib: “Maraqlı iş olsa, orada çalışaram. Hələlik rəhbərliklə görüşüm olmayıb. “Arau” düzgün siyasət aparmır. Əvvəlki baş məşqçi də bunun qurbanı oldu. Mövsümü cəmi 1 hücumçu ilə başlamaq düzgün deyildi. Düzü, indi klubda çalışmaq haqda fikirləşmirəm. Lixtenşteyn yığması ilə daha bir seçmə mərhələni arxada qoymaq olar. Burada işləməkdən həzz alıram və düşünürəm ki, müqaviləni uzadacağıq”.

Qeyd edək ki, yığmamızın baş məşqçisi Berti Foqts da klubdan təklif alıb. Almaniyalı mütəxəssis vətənində “Herta” klubunu çalışdıra bilər.