20 ən bahalı türk futbolçu – TAM SİYAHI
01.10.2009 - 13:36
20 ən bahalı türk futbolçu – TAM SİYAHI
Avropada oynayan 20 ən bahalı türk futbolçudan ibarət siyahı açıqlanıb. Apasport.az saytının məlumatına görə, həmin siyahıda Azərbaycan milli komandası, “Bakı” klubu ilə bağlılığı olan futbolçular da var. Ən bahalı türk futbolçu Məsut Özil şərəfini qoruduğu Almaniya yığmasının heyətində dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində bizə qarşı hər iki oyunda meydana çıxıb. Özü də 20 yaşlı yarımmüdafiəçinin bundestimdə rəsmi debütü avqustun 12-də Bakıda reallaşıb.

Məsutun ən yaxın izləyicisi olan Sərdar Taşçı da Almaniya yığmasının heyətində Tofiq Bəhramov adına Respublika stadionunda oynayıb. Siyahını tamamlayan yeganə qapıçı Sinan Bolat isə ilk dəfə Türkiyə milli komandasına yığmamızla görüşdə çağırılıb. Bu, iyunun 2-də Kayseri şəhərində keçirilən yoldaşlıq görüşü olub ki, Sinan oynadığı Belçikanın yox, vətəninin milli komandasını seçməyə üstünlük verib. Yeri gəlmişkən, Türkiyənin 2:0 hesabı ilə qalib gəldiyi həmin oyunda fasilədən sonra meydana çıxaraq açan Halil Altıntop, yığmamıza qarşı əsas heyətdə oynayan Tuncay Şanlı və Nuri Şahin də siyahıda yer alıb.

“Bakı”nın ciddi maraqlandığı, qış fasiləsində transfer etmək istədiyi Tümər Mətin də bahalı futbolçular arasındadır. Çağdan Atan isə İsveçrənin “Bazel” klubunun heyətində Avroliqanın son təsnifat mərhələsi çərçivəsində “Bakı”ya qarşı oynayıb.

Qeyd edək ki, Avropada 16 ölkənin birinci və ikinci liqalarında çıxış edən 96 klubda 139 türk əsilli futbolçu oynayır.

1. Məsut Özil (yarımmüdafiəçi, “Verder, Almaniya) – 13 milyon avro
2. Sərdar Taşçı (müdafiəçi, “Ştutqart, Almaniya) – 10 milyon avro
3. Tuncay Şanlı (hücumçu, “Stok Siti”, İngiltərə) – 9,8 milyon avro
4. Həmit Altıntop (yarımmüdafiəçi, “Bavariya”, Almaniya) – 9 milyon avro
5. Gökhan İnlər (yarımmüdafiəçi, “Udineze”, İtaliya) – 9 milyon avro
6. Gökdəniz Karadəniz (yarımmüdafiəçi, “Rubin”, Rusiya) – 8,8 milyon avro
7. Mövlud Ərdinc (hücumçu, PSJ, Fransa) – 8 milyon avro
8. Leon Osman (yarımmüdafiəçi, “Everton, İngiltərə) – 8 milyon avro
9. Nuri Şahin (yarımmüdafiəçi, “Borussiya” D, Almaniya) – 5 milyon avro
10. Eren Derdiyok (hücumçu, “Bayer”, Almaniya) – 5 milyon avro
11. Xəlil Altıntop (hücumçu, “Şalke”, Almaniya) – 4 milyon avro
12. Malik Fəthi (müdafiəçi, “Spartak”, Rusiya) – 3,5 milyon avro
13. Fatih Təkkə (hücumçu, “Zenit”, Rusiya) – 2,8 milyon avro
14. Ümit Korkmaz (yarımmüdafiəçi, “Ayntraxt”, Almaniya) – 2,5 milyon avro
15. Hakan Yakın (hücumçu, “Lütsern”, İsveçrə) – 2,5 milyon avro
16. Tümər Mətin (yarımmüdafiəçi, “Larisa”, Yunanıstan) – 2 milyon avro
17. Hasan Kabze (hücumçu, “Rubin”, Rusiya) – 2 milyon avro
18. Sinan Kaloğlu (hücumçu, “Vitess”, Hollandiya) – 1,5 milyon avro
19. Çağdaş Atan (müdafiəçi, “Bazel”, İsveçrə) – 1,5 milyon avro
20. Sinan Bolat (qapıçı, “Standard”, Belçika) – 1,5 milyon avro