Vaqif Sadıqov: Foqtsun adından məndən xahiş etdilər ki...
01.10.2009 - 15:09
Vaqif Sadıqov: Foqtsun adından məndən xahiş etdilər ki...
Bakının “Neftçi” klubunun yeni baş məşqçisi Vaqif Sadıqovun Rusiyaya səfəri dəqiqləşib. Bu haqda apasport.az saytına 50 yaşlı mütəxəssisin özü məlumat verib. İki gün öncə “Neftçi”nin sükanı arxasına gələn Sadıqov artıq dörd aydır milli komandamızda məşqçi kimi çalışır. Alman Berti Foqtsa yardımçı olan təcrübəli məşqçimizin yeni təyinatına qədər 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya – Almaniya izləmək üçün Moskvaya səfəri nəzərdə tutulmuşdu: “Bu, səfər qüvvədə qaldı. Yığmadakı gələcək taleyimə aydınlıq gətirmək üçün AFFA rəhbərliyi ilə görüşüm nəzərdə tutulsa da, bu, hələ baş verməyib. Assosiasiyanın baş katibi Elxan Məmmədov hazırda Almaniyada işgüzar səfərdədir. Foqtsla şəxsən söhbətim olmasa da, onun adından məndən xahiş etdilər ki, son rəqibimiz olan Rusiyanın Almaniya ilə ev oyununu izləyim. Foqts həmin görüşün də peşəkarcasına təhlil edilib, ona məlumat verilməsini istəyir. Mən də üzərimə düşən bu öhdəçiliyi yerinə yetirəcəyəm”.

Sadıqovun ilkin olaraq oktyabrın 6-da Moskvada olması nəzərdə tutulsa da, səfərin vaxtı dəyişdirilib: “Yeni işimlə əlaqədar Rusiyaya belə tez gedə bilmərəm. Həmin vaxt “Neftçi”nin hazırlıq prosesində iştirak edəcəyəm. Ancaq Rusiya – Almaniya görüşünün keçiriləcəyi oktyabrın 10-u isə istirahət günümdür. Həmin gün səhər Moskvaya yollanıb, oyunu izləyib, gecə də qayıdacağam. 11-də milli komandamız da Lixtenşteyndən qayıdacaq və Foqtsla Bakıda görüşəcəyəm. Alman həmkarım milli komandanın son rəsmi oyunlarla hazırlıq prosesində iştirakımı arzulayırdı. Ancaq artıq “Neftçi”nin baş məşqçisiyəm və Foqtsla ona Moskvadakı görüş haqda lazımı məlumat verdikdən sonra yeni klubumla məşğul olacağam”.