“Azərbaycanlılar sizi də axtarıb tapdılar, halal olsun onlara”
01.10.2009 - 18:43
“Azərbaycanlılar sizi də axtarıb tapdılar, halal olsun onlara”
“Bakıya Bülənt Korkmazla birgə gəldik. Eyni təyyarədə idik, yol boyu danışdıq. Korkmaz da Cemə görə çox sevindi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubu ilə müqavilə imzalayan türkiyəli futbolçu Cem Fələkin atası Vural Fələk deyib.

Uzun müddətdir Almaniyada yaşayan Fələk ailəsi Bakıya növbəti səfəri zamanı Lənkəran təmsilçisi ilə münasibətlərini rəsmiləşdirib. Üç illik müqaviləyə imza atmaqla, onlar “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun sponsorluğuna nail olub. Vural Fələk bildirib ki, Bakıya səfər zamanı təsadüfən görüşdükləri “Bakı” klubunun türkiyəli yeni baş məşqçisi Bülənt Korkmazdan da xeyir-dua alıblar: “O, hətta belə dedi ki, deməli, azərbaycanlılar sizi də axtarıb tapdılar, halal olsun onlara. Deməli, düzgün yerə gəlmişəm. Korkmaz azərbaycanlıların Almaniyada yaşayan Cemi necə tapması ilə maraqlandı. Mən də izləyib, gördüklərini dedim. Korkmaz “deməli, hər yerdə Azərbaycanın izi var” deməsi diqqətimizi çəkdi”.

Vural Fələkin sözlərinə görə, “Qalatasaray”ın əfsanəvi kapitanı oğlunu əvvəldən tanıyırmış. Yəni, Cemi görən kimi tanıyan Korkmaz onun oyununu əvvəllər seyr edibmiş: “Təbii ki, onu qiyabi tanıyırdıq, oyunlarını sevə-sevə izləmişik. Ancaq şəxsi tanışlığımız Bakıya gələrkən, elə təyyarədə baş tutdu. Bülənt Korkmaz çox mədəni insandır. Azərbaycanda çalışacağına görə çox sevindim. “Bakı” ilə müqavilə bağlamaq üçün gəldiyini bizə demişdi. Korkmaz oğluma öz tövsiyələrini verdi. Cemə dedi ki, səndə böyük potensial var. İddialı ol, bundan vaz keçmə, öz üzərində çox çalış. Biz bunu yüksək qiymətləndiririk və ona “Bakı”da işlərində böyük uğurlar arzulayırıq”.

Qeyd edək ki, Almaniyada böyüyən 13 yaşlı Cem Frankfurtun “Ayntraxt” klubunun aşağı yaş qruplarından ibarət komandasının formasını geyinir.