Qus Hiddink: Bizi Azərbaycanla çox çətin oyun gözləyir
02.10.2009 - 11:21
Qus Hiddink: Bizi Azərbaycanla çox çətin oyun gözləyir
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Azərbaycan yığmasından ehtiyatlanır. Apasport.az saytının məlumatına görə, holland mütəxəssisin çalışdırdığı komandanın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində son sınağı Bakıda olacaq. Ruslar Cənubi Afrika Respublikasında keçiriləcək mundiala birbaşa vəsiqə qazanmaq üçün oktyabrın 10-da evdə Almaniyanı, bundan 4 gün sonra səfərdə milli komandamızı yenməlidir.

“Qarşıda iki ağır sınağımız var. Bizi Almaniya və Azərbaycan yığmaları ilə çox çətin oyunlar gözləyir. Əlbəttə, pley-off oyunlarından qaça bilərik. Ümid edirəm ki, son görüşlərdə qazandığımız nəticə ilə buna nail olacağıq. Ancaq istənilən halda, Rusiya yığması çox şeyə nail olub. Futbolçularımızın Finlandiya, Uels kimi yığmalarla çətin oyunlara inamla çıxması, hər şeyin yaxşı olacağını göstərir” – deyə Hiddink bildirib.

Qeyd edək ki, hazırda qrup qalibi Almaniyadan 1 xal geri qalan Rusiya milli komandamızı bu ilin martın 28-də Moskvada 2:0 hesabı ilə yenib.