Rəşad Abdullayev: Nəticə olmasa da, komanda əvvəlki kimi deyil - MÜSAHİBƏ
03.10.2009 - 12:20
Rəşad Abdullayev: Nəticə olmasa da, komanda əvvəlki kimi deyil - MÜSAHİBƏ
Son vaxtlar "Neftçi"də başverənlər ictimaiyyətin diqqətini yetərincə cəlb edib. Dəyişikliklərin komandaya nə dərəcədə təsir edəcəyi haqda müxtəlif fikirlər yürüdülür, müzakirələr aparılır. Amma təbii ki, bu haqda komandanın içində olan şəxslər, futbolçular daha dolğun fikir söyləyə bilər. Bu üzdən maraqlı olacağını düşünüb, bu mövsüm "Xəzər Lənkəran"dan "Neftçi"yə transfer edilən Rəşad Abdullayevə müraciət etdik.

- Rəşad, öncə Vaqif Sadıqovun "Neftçi"yə baş məşqçi təyin edilməsinə münasibətini öyrənmək istərdik...
- Münasibətim normaldır. Tanıdığım məşqçidir. O da məni tanıyır. Baxmayaraq ki, rəhbərliyi altında çıxış etməmişəm. Bu komandanın rəhbərliyinin fikridir, biz də onu müsbət qarşılayırıq.

- Hər halda, bu dəyişiklik oyun sisteminə də təsir edəcək. Alışmaq çətin olmayacaq ki?
- Hər məşqçinin öz fikri var. Biz futbolçuyuq, rəhbərlik komandaya kimisə gətirirsə, qəbul etməliyik. Bildiyiniz kimi, "Xəzər Lənkəran"da oynadığım müddətdə bir neçə məşqçinin rəhbərliyi altında işləmişəm. Ona görə də mənim üçün problem deyil. Çünki bütün məşqçilərlə münasibətim yaxşı olub. Əsas olan istənilən futbolu göstərməkdi.

- Səncə, "Neftçi" Sadıqovla əvvəlki oyununu bərpa edə biləcək?
- Futbolçulardan çox şey asılıdır. Düzdü, məşqçinin də rolu böyük olur. Ancaq əsas olan oyunçuların ümumilikdə oyun göstərməsidir. Gələn gündən əsas fikrim "Neftçi"ni layiq olduğu yerdə görməkdi. Futbolçular məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetirməlidir. Fikrimcə, belədə nəticə özünü çox gözlətməyəcək.

- Sadıqov baş məşqçi təyin edilsə də, köməkçiləri hələ müəyyənləşməyib. Ancaq həmin vəzifəyə Arif Əsədov, İqor Getman və Mirbağır İsayev əsas namizəd kimi göstərilir. Səncə, onlardan hansı komanda üçün daha məqsədəuyğundur?
- Fikrimcə, hər üçü "Neftçi" üçün yaxşıdır. Arif Əsədov da neçə ildir klubda işləyir. Yaşlarına görə perspektivli məşqçilərdi. Onların qalmasının komandaya xeyri dəyə bilər. Eyni zamanda onları baş məşqçi təyin edir, hansı oyun sisteminə uyğun gəlirsə, onu da götürür. Vaxtilə komandada oynayan məşqçilərdi. Problem görmürəm. Yəni məşq savadları var.

- Yığmanın oyununa görə çempionatda yaranan fasilə komandaya necə təsir edə bilər?
- Yalnız "Neftçi" yox, digər klubların da heyətlərində millinin futbolçuları çoxdur. Onlara da dincəlmək lazımdı. Fasilə hər komandaya fərqli təsir edir, məsələn, bizim xeyrimizə işlədi, bir az toparlanmağa vaxt lazım idi ki, uşaqlar özlərinə gəlsin. Ümumiyyətlə, kimə necə təsir edəcəyini çempionatın gedişi göstərəcək. Həm də bu, yığmamız üçündü. Lixtenşteyni udmalıyıq.

- Bəs səfər oyununa görə belə uzunmüddətli fasilə nə dərəcədə düzgündü?
- Fikrimcə, klublarda bu gün işlər aparılır. Hamımız istəyirik ki, texniki və taktiki cəhətdən çalışaq. Məncə, çempionat gedir, hazır futbolçulardı, meydana çıxıb oynamalıdılar. Başqa variant yoxdur.

- Amma fasilə yetərincə uzunmüddətlidir...
- Düzdü, fasilə böyükdür, onu 5-6 gün azaltmaq da olardı. Amma öz işləridir. Necə məsləhət biliblər, elə də ediblər.

- Böyükağa Ağayevin komandadan gedişi necə qarşılandı?
- Açığı, məşqə gəldik, dedilər ki Böyükağa Ağayevin səhhətində problem var. Özünü pis hiss etdiyinə görə evə gedir. Sonradan öyrəndik ki, yeni məşqçi gəlir. Deyə bilmərəm, necə qarşılandı. Komandanda atmosfer pis deyil. Yaxşı kollektiv, oyun var.

- Dedin yaxşı kollektiv, oyun var. Bəs son vaxtlar "Neftçi"nin uğursuz çıxışını, öz meydanında məğlubiyyətini necə izah etmək olar?
- Fikrimcə, "Xəzər Lənkəran", "Bakı" və digər komandalar da zəif çıxış edir. Yadınıza gəlirsə, mən "Xəzər Lənkəran"da olanda komanda elə oyun göstərirdi ki, rəqibi bir dəfəyə udurduq. İndi həmin "Xəzər Lənkəran" yoxdur. Bütün komandalar eyni səviyyədədir. Əvvəl hamısı seçilirdi, ancaq indi belə deyil. Eləcə də "Neftçi"nin tam üstünlüyü yoxdur. Həm də komandada şəxsi problemlər olanda, bu oyuna təsir edir. Bəzi çatışmayan şeylər var. Onların üzərində işləmək lazımdı. Ancaq əvvəlki futbolçulardı, hərənin özünə görə ad-sanı var.

- Çatışmayan şeylər nədir? Niyə komanda öz oyununu tapa bilmir?
- Hamısı ötən ildən qalan problemlərdi. Məşqçi dəyişikliyi və sair. Amma təlim-məşq toplanışlarından görünür ki, yaxşı olacaq. Uşaqlar canını qoyur, oynamaq istəyir. Yəqin ki, Vaqif Sadıqov bunları aradan qaldırar. Konkret əlinin altında material var və nəsə etmək mümkündür. Sadəcə, oynamaq lazımdı.

- Yığmanın oyunu haqda nə deyə bilərsən? Lixtenşteyndən uğurlu nəticə ilə qayıtmaq mümkündür?
- Uşaqlarımıza uğurlar arzulayıram. Lixtenşteyndə ili yaxşı başa vurmaq üçün çalışıb qələbə qazanmaq lazımdı. Çünki yığmamız sonuncu pillədə qərarlaşıb.

- Bəs Rusiyadan necə, xal almaq olar?
- Bəli. İstəsələr, hər şey edərlər. Əvvəldən həmişə güclü rəqiblərə qarşı yaxşı oynamışıq, xal da almışıq. Çalışsalar, qalib gəlmək də olar.

- Yəqin bilirsən, Foqtsun müqaviləsi ilin sonunda bitir, onun getməsi yaxşıdır, yoxsa qalmağı daha məqsədəuyğundur?
- Nə deyə bilərəm, mən futbolçuyam. Elə məsələlərə qarışmamışam. Milliyə çağırılmamışam, ona görə də nəsə deməyim düz çıxmaz. Amma nəticə olmasa da, komanda əvvəlki kimi deyil. Yaxşı nəticə göstərsək, bəlkə də şans vermək olar. Heç olmasa, bilərik ki kimisə udmuşuq.

- Ümumiyyətlə, yığmada irəliləyiş görürsənmi?
- Oyun baxımından bir az irəliləyiş var. Yəni cavan, perspektivli futbolçulardı. Sadəcə, qələbə qazana bilmirik. Nə bilim, bəlkə vaxt versələr, düzələr.

- Son vaxtlar sənin və daha bir neçə futbolçunun zəif oyun göstərməsinin səbəbi nədir?
- İlk oyunda meydana çıxmamışam. Ola bilsin, taktiki gediş idi. Amma qalan oyunlarda oynamışam. Bilsəm ki komandada ehtiyatda oturacağam, gəlmərəm. Fikrim əsas heyətdə oynamaq olub. Çünki "Xəzər Lənkəran" kimi komandadan problemsiz gəlmişəm ki, "Neftçi"nin uğurları üçün çalışım. Söhbət ehtiyatda oturmaqdan getmir. Təki komandaya köməyim dəysin. Yəni bura gəlməkdə məqsədim var.

Mənbə: “Futbol+” qəzeti