Sərxoş qapıçı Almaniya yığmasından qovuldu
03.10.2009 - 12:58
Sərxoş qapıçı Almaniya yığmasından qovuldu
Tanınmış alman qapıçı Yens Lemanna sərxoşluq baha başa gəlib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı futbolçu “Oktoberfests” pivə festivalına icazəsiz getdiyi üçün həm çıxış etdiyi “Ştutqart” klubunda, həm də milli komandada arzuolunmaz şəxsə çevrilib.

Orada kef çəkən, əyyaşlıq edən Lemannın fotosunu qəzetlərdə görən rəhbərlik ona qapını göstərib. Almaniya mətbuatında Yensin hərəkətləri ilə bağlı karikaturalar da yer alıb. Düzdür, klubunda sonradan onu bağışlasalar da, bu, yığmaya aid edilməyib. Belə ki, Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv onu çağırmamağı daha məqsədəuyğun sayıb. Hərçənd Robert Enkenin sağlıq durumu qaydasında olmadıqdan sonra Lövün qapıçılarla bağlı problemi yaranıb. Enke milli komandamızla ötən ay Hannoverdəki oyun öncəsi sıradan çıxdıqdan sonra “çərçivə” Rene Adlerə tapşırıldı. Ancaq 24 yaşlı Adlerin sabit qapıçı sayılmamağı Lövü qayğılandırır.

Ancaq bununla belə, Lemanna dəvət göndərməyən baş məşqçi onun Moskvada da pivə içməyə gedəcəyindən qorxub. Almanları oktyabrın 10-da bu şəhərdə Rusiya yığması ilə mühüm oyun gözləyir.

Qeyd edək ki, Lemann həm dünya, Avropa çempionatının medalını qazandığı milli komandasının heyətində çıxışını ötən il başa vurub.