Getman: “Neftçi”dən ayrılmağım mənim üçün gözlənilməz oldu - MÜSAHİBƏ
05.10.2009 - 12:54
Getman: “Neftçi”dən ayrılmağım mənim üçün gözlənilməz oldu - MÜSAHİBƏ
“Neftçi” klubundan kənarlaşdırılan məşqçi İqor Getmanın apasport.az saytına müsahibəsi

- Uzun müddət sıralarında yer aldığınız “Neftçi” klubundan ayrıldınız. Baş məşqçi postuna gələn Vaqif Sadıqov sizinlə çalışmaqda maraqlı olmadı. “Neftçi”dən problemsiz ayrıldınız?
- Əlbəttə ki. “Neftçi”dən dostcasına ayırdım. Bilirsiniz, məşqçinin işi elədir ki, çemodanı həmişə yanında hazır olmalıdır. Komandaya yeni baş məşqçi gəldi. O da hansı məşqçilərlə çalışacağını, köməkçilərdən kimin qalıb-qalmayacağını müəyyənləşdirir. Vaqif Sadıqov da özünün inandığı şəxslə işləməyə qərar verir. Mənim buna görə ona iradım yoxdur.

- Hər halda, “Neftçi” üçün xidmətləriniz böyük olub. Uzun müddət bu komandada oynamısınız. Məşqçiliyə də elə karyeranızı bitirdiyiniz “Neftçi”də başladınız. Bütün bunları nəzərə alsaq, sizi saxlamaq olmazdı?
- Buna cavab verə bilmərəm. Çünki bu, mənə aid olmayan məsələdir.

- Elə Vaqif Sadıqov da sizi yaxşı tanıyır. Milli komandada onun da rəhbərliyi altında oynamısınız...
- Doğrudur. Məşqçilik həyatında belə şeylər olur. Sadıqovun qərarını normal qarşıladım. Ondan narazı ayrılmadım. Bu sözləri həqiqətən də ürəkdən deyirəm. Fürsətdən istifadə edib, onu demək istəyirəm ki, “Neftçi” mənim üçün həmişə sevimli klub olacaq. Bundan sonra da ona azarkeşlik edəcəyəm. “Neftçi” daim qəlbimdə olacaq. Onu ürəyimdə çıxardıb atmaq istəmirəm və belə fikrim də yoxdur.

- Vaqif Sadıqovla söhbətinizdə nəyi müzakirə etdiniz?
- O, mənimlə çalışmayacağını və əvəzimə götürdüyü köməkçi ilə işləyəcəyini bildirdi. İzah etdi ki, məşqçilik işində belə şeylər olur. Mən də bütün bunları gözəl başa düşürəm və onun seçimini normal qəbul etdim. Hər halda, Sadıqovla münasibətlərimiz yaxşı olaraq qalır.

- Komandadan uzaqlaşdırılmağınız sizin üçün gözlənilməz olmadı ki?
- Yeni baş məşqçinin gəlişindən sonra belə şeylər gözləniləndir. Amma açığı, yollarını ayıracaqları mənim üçün bir az gözlənilməz oldu. İstənilən halda, “Neftçi”yə, yeni baş məşqçiyə gələcəkdə böyük uğurlar arzulayıram.

- Sizcə, “Neftçi” Vaqif Sadıqovla böyük uğurlar qazana bilərmi?
- Sadıqov yaxşı, təcrübəli məşqçidir. Hesab edirəm ki, “Neftçi” onun rəhbərliyi altında həqiqətən də yüksək səviyyəyə çata biləcək.

- Gələcək fəaliyyətinizi necə görürsünüz?
- Hələ ki bir az istirahət edəcəyəm. Bundan sonrasına baxarıq. Onu deyə bilərəm ki, hazırda heç bir təklif yoxdur.

- Yaxşı tanıdığınız mütəxəssislərdən hansı iləsə yenidən birgə çalışmaq variantını mümkün sayırsınız?
- İndidən gəlin nəyisə ehtimal etməyək. Hər halda, işdən kənarda qalmışamsa, həyat bununla bitmir axı. Arxada heç bir iş görməmişəm. Biz ilk növbədə kişiyik. Sadıqovla bundan sonra görüşəndə bir-birimizin əlini sıxa, üzünə baxa biləcəyik.