Gəncədəki qalmaqalın təfərrüatları
05.10.2009 - 18:07
Gəncədəki qalmaqalın təfərrüatları
“Görüş zamanı tribunadan ehtiyat oyunçular skamyamıza daş atıldı. Həmin vaxt matçın son dəqiqələri gedirdi”. Bunu apasport.az saytına açıqlamasında İmişlinin “MKT-Araz” klubunun məşqçisi Xaliq Mustafayev deyib.

Məlum olduğu kimi, ölkə çempionatının I divizionunda IV turun Gəncədə keçirilən “Gəncə” və MKT “Araz” komandaları arasındakı oyunda qonaqlar xoşagəlməz vəziyyətlə üzləşiblər. Hadisə barədə danışan Mustafayev daşa basıldıqları zaman meydana çıxmalarını təkzib edir: “Həmin vaxt meydanın kənarında, 6 metrlik zonada futbolçularımıza sözümü çatdırırdım. Bu zaman ehtiyat skamyasında yer alan komandamızın üzvləri mənə dedilər ki, tribunalardan daş atırlar. Geri boylananda bunun şahidi oldum. Tribunalarda təmir işləri gedirdi və bizə atılan əsasən beton qırıqları idi. Bunlardan biri ayağımın altına düşdü. Mən də ehtiyat hakim Əli Əliyevə çağıraraq, atılan daşları ona göstərdim. O da baş hakim Rasim Məmmədovu çağırıb, bu haqda həmkarını məlumatlandırdı. Bizə tərəf atılan daşlara görə bir müddət kənarında dayanmalı olduq”.

Məşqçinin sözlərinə görə, həmin vaxt oyun çox qısa müddətə dayandırılıb: “Baş hakim matçın komissarı Fazil Mürşüdovla məsləhətləşmə apardı. Tribunadan elan etmək istəyirdilər ki, daş atılması davam edərsə, oyun davam etdirilməyəcək. Görüşdə dayandırılan müddət əlavə vaxtda nəzərə alındı və təxminən 50 dəqiqə oynadıq. Hakimlərdən narazılığım yoxdur. Onlar işlərinin öhdəsindən yaxşı gəldilər. Sadəcə, Gəncə stadionunda qonaq kimi bizə qarşı münasibətə görə üzüldük. Orada tunelə getdiyimiz zamanı tribunalardan başımıza plastik qablar atırdılar”.

Mustafayev polisin işindən də razı qalmayıb: “Düzdür, oyundan sonra hər hansı problemlə üzləşmədik. Polisin müşayiəti ilə bizi yola saldılar. Ancaq görüş zamanı polisə narazılığını bildirirsən, ancaq heç adamı sayan olmur. Elə bil divara deyirsən. Ancaq bizim ev oyunlarında polis azarkeşin üstünə qışqıranda, onun səsi çıxmır. Ümumiyyətlə, İmişlidə qonaq komandaya qarşı belə münasibət, belə xoşagəlməz olayın baş verməsi qətiyyən mümkün deyil. Komanda udar da, uduzar da. Nə olar ki? Gərək bu zaman hökmən dava salasan, daş atasan? Həmin gün futbolçularımız yaxşı oynadı. Bəxtimiz də gətirdi və səfərdən xalla qayıtdıq”.

Qeyd edək ki, Mustafayev “MKT-Araz” hələ güclülər dəstəsindən oynayan dövrdən – 2004-cü ildən komandanın məşqçisidir. O, 2007-ci ildə Azərbaycan kubokunun finalına yüksəlib.
0