İqor Getman “Neftçi”dən getməsəydi...
05.10.2009 - 23:00
İqor Getman “Neftçi”dən getməsəydi...
İqor Getmanın Bakının “Neftçi” klubundan kənarlaşdırılması Azərbaycanda futbolunda rekorda son qoydu. Apasport.az saytının hesablamalarına görə, 1998-ci ildən flaqmanın sıralarında olan 38 yaşlı veteran müdafiəçinin uzun müddətlik seriyası başa çatdı.

“Neftçi”də son illərdə belə uzun müddət davamlı çalışan ikinci şəxs olmayıb. Getmanın futbolumuzda özünəməxsus rekordu ölkə daxilində yalnız bir klubda - “ağ-qaralar”ın heyətində oynamasıdır. Flaqmanda 1992-ci ildə keçirilən ilk milli çempionatın qalibi olduqdan sonra Rusiyaya yollanan İqor uzun müddət Mahaçqalanın “Anji” klubunun heyətində aşağı divizionun iştirakçısı oldu. 1998-ci ildə vətəninə qayıdan müdafiəçi yenidən “Neftçi”də yer aldı və həmin vaxtdan indiyədək bu komandanın şərəfini qoruyurdu. O, müstəqillik dönəmində “ağ-qaralar”ın heyətində ən çox oyun keçirməklə Bəxtiyar Musayevin rekordunu qırdı.

Flaqmanın heyətində üç dəfə çempion (1992, 2004, 2005), iki dəfə (1999, 2004) ölkə kubokunu, bir dəfə (2001) gümüş, üç dəfə (1999, 2000, 2006) bürünc qazanan Getman 2006-cı ildə futbolçu karyerasına son qoydu. Həmin vaxt futboldan yola salınan təcrübəli müdafiəçiyə “Neftçi”nin o dövrkü prezidenti Rövnəq Abdullayev xarici markalı avtomobil bağışlamışdı. İqorun klub qarşısında xidmətlərini, sadiqliyini nəzərə alan rəhbərlik onu saxlayaraq, məşqçi vəzifəsini tapşırdı. Nəticədə Getman son üç ildə beş baş məşqçi – Qurban Qurbanov, çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede və Böyükağa Ağayevin köməkçisi oldu.

Qeyd edək ki, Getmanın əvəzinə məşqçi gətirilən 53 yaşlı Şakir Qəribov SSRİ dövründə “Neftçi”də oynayıb. 1975-ci ildə “ağ-qaralar”ın sıralarına gələn, ilk vaxtlar birinci liqada çıxış edən veteran yarımmüdafiəçi 1978-85, 1987-88-ci illərdə SSRİ çempionatının güclülər dəstəsinin (103 oyun, 6 qol) iştirakçısı olub. Futbolçu karyerasına ilk milli çempionatlarda Sabirabadın “İnşaatçı” klubunda bitirən Qəribov “Neftçi”də ikinci dəfə məşqçi kimi çalışacaq. Belə ki, 9 il öncə flaqmanla Yaşar Vahabzadə ilə birgə müvəqqəti çalışan təcrübəli mütəxəssis həmin vaxt Getmanın da məşqçisi olub.
0