“Şalke”nin kapitanı: Azərbaycanla görüşdə ona görə güclü oynamadıq ki...
06.10.2009 - 10:14
“Şalke”nin kapitanı: Azərbaycanla görüşdə ona görə güclü oynamadıq ki...
“Cənubi Afrika Respublikası və Azərbaycanla oyunlarla müqayisədə Moskvadakı görüşdə daha güclü olacağıq. Mən buna əminəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının müdafiəçisi Hayko Vestermann deyib.

Formasını geyindiyi “Şalke” klubunda kapitan sarğısını daşıyan futbolçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızla oyunlardan yalnız Hannoverdəki görüşdə meydana çıxıb. Həmin matçda 90 dəqiqə oynayan Vestermannı baş məşqçi Yoahim Löv Bakıda ehtiyatda saxladı: “Cənubi Afrika Respublikası və Azərbaycanla görüşlərdə ona görə güclü oynamadıq ki, həmin oyunlar mövsümün əvvəlinə təsadüf etmişdi. İndi isə biz normal oyun formasını yığmağı çatdırmışıq”.

Ruslarla oktyabrın 10-da Moskvada keçiriləcək vacib oyun haqda da danışan Hayko proqnoz verməkdə çətinlik çəkib: “Bilirəm ki, çətin oyun olacaq. Əgər iki çox güclü komanda oynayırsa, proqnoz vermək çətindir. Əlbəttə, biz qələbə qazanmağa çalışacağıq. Ancaq bu, alınacaqmı? Ruslar hücumda çox güclüdürlər. Arşavin, Poqrebnyak və onun komanda yoldaşları çox təhlükəlidirlər. Onları zərərsizləşdirmək asan olmayacaq”.

Qeyd edək ki, almanlar milli komandamızı Bakıda 2:0, Hannoverdə 4:0 hesabı ilə yenib.