FİFA-dan Fatih Terimə qara xəbər
06.10.2009 - 10:50
FİFA-dan Fatih Terimə qara xəbər
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belçika ilə səfərdə keçiriləcək oyunda texniki zonada yer almayacaq. Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis oktyabrın 10-da Brüsseldə keçiriləcək həmin görüşü tribunadan izləməli olacaq.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamada bildirilir ki, Bosniya və Herseqovina yığması ilə son səfər oyununda hakim tərəfindən tribunlara göndərilən Terim FİFA-nın Nizam-İntizam Məcəlləsinin 18-ci maddəsinə uyğun olaraq cəzalı duruma düşdüyündən texniki zonadan kənarda qalmalıdır: “Ancaq Terim hakimlərə qarşı pis bir söz işlətməyib və günah sayılan hərəkət etməyib. Bu, hakimin raportunda da yer alıb. Buna görə də Terim əlavə cəza almadı və oktyabrın 14-də Ermənistan yığması ilə Bursa şəhərində keçiriləcək görüşdə texniki zonada yerini ala biləcək”.

Qeyd edək ki, Türkiyənin 2010-cu il dünya çempionatının perspektivinə tam aydınlıq gətirəcək Belçika ilə görüşdə aparıcı futbolçular – Əmrə Belözoğlu ilə Arda Turan cəza səbəbindən iştirak etməyəcək.