Bışovets Foqtsu xatırladı, Hiddinkə məsləhət verdi
06.10.2009 - 11:59
Bışovets Foqtsu xatırladı, Hiddinkə məsləhət verdi
Rusiya milli komandasının sabiq baş məşqçisi Anatoli Bışovets Azərbaycan yığmasını çalışdıran həmkarı Berti Foqtsu xatırlayıb. Apasport.az saytının məlumatına görə, Bışovets 1992-ci ildə İsveçdə keçirilən Avropa çempionatının final mərhələsində MDB yığmasını çalışdırdığı vaxtda Foqtsun rəhbərlik etdiyi Almaniya ilə bir qrupda yer alıb. 1:1 hesabı ilə nəticələn həmin görüşdə Foqts məğlubiyyətdən Tomas Hesslerin son saniyələrdə cərimə zərbəsindən vurduğu qolla xilas olmuşdu.

Həmin vaxt finaladək irəliləyən almanlar həlledici görüşdə Danimarka yığmasına uduzduğundan (0:2) Avropa çempionu ola bilmədi: “Mənim Almaniya komandaları ilə görüşlərlə bağlı böyük məşqçilik təcrübəm var. Gənclər yığması ilə Avropa çempionatının final mərhələsində Foqtsun rəhbərlik etdiyi almanlarla oynamışam. 1992-ci ildə isə artıq almanlar son dünya çempionları idi və Foqtsun komandası ilə qitə birinciliyinin final mərhələsində görüşdüm. Ümumiyyətlə, Almaniyanın bütün yığmaları eyni ahəngdə işləyirlər. Bəli, indi sürpriz gözləmək lazım gəlmir. Buna görə də heyəti müəyyənləşdirərkən qarşıda duran vəzifələri yerinə yetirmək lazımdır”.

Ruslar 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə oktyabrın 10-da ev oyunundan 4 gün sonra milli komandamızın qonağı olacaq. Bışovets milli komandasının sükanı arxasında olan hollandiyalı həmkarı Qus Hiddinkə Moskva və Bakıda oyunlarda eksperimentlərə yol verməyi tövsiyə etmir: “Məqsədimiz məlumdur. Bu, qrupdan 1-ci yerin sahibi kimi dünya çempionatının final mərhələsinə çıxmaqdır. Deməli, son oyunlarda istənilən eksperimentlərə yol vermək qətiyyən lazım deyil. İndi debütantları yoxlamağın heç də ən yaxşı vaxtı deyil”.
0