“Qalatasaray”ın futbolçusu zirvəyə bir az da yaxınlaşdı
07.10.2009 - 15:11
“Qalatasaray”ın futbolçusu zirvəyə bir az da yaxınlaşdı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 2 həftə əvvəl açıqlanan siyahıda müəyyən dəyişikliklər qeydə alınıb. İlin arxada qalan hissəsində keçirilən beynəlxalq görüşlərdə 6 və daha çox top vuranların daxil olduğu cədvəldə artıq 77 deyil, 86 futbolçu yer alıb.

Milli komanda və qitə kuboklarında vurulan qollar üzrə liderlik edən “Sevilya”nın braziliyalı oyunçusu Luis Fabiano zirvədəki mövqeyini qoruyub. 14 gün əvvəlki kimi, yenə ən yaxın izləyicisi ilə eyni sayda qol vurub, yığmadakı məhsuldarlıq sayəsində onu qabaqlayan hücumçu 13-cü dəfə fərqlənib. Fabiano 11 dəfə yığma, 2 dəfə klubda qol sevinci yaşayıb. Eyni sayda qol vuran Alan Kaliyutika Konqo millisində 5, “Mazembe” klubunda 8 dəfə sevinməklə, II nəticəyə malikdir.

Üç futbolçunun hesabında 12 qol var ki, onlardan biri – honduraslı Karlos Alberto Pavon millidə daha çox – 8 dəfə fərqləndiyi üçün III sırada qərarlaşıb. Uqandanın “Kampala Siti” klubunun oyunçusu Brayan Omoni hər iki cəbhədə 6 dəfə toru silkələməklə, IV pilləyə şərikdir. Afrikalıya çatan isə Türkiyənin “Qalatasaray”ın futbolçusu Milan Baroş olub. İl ərzində 12-ci “beynəlxalq” qolunu vuran çexiyalı 2 pillə irəliləyərək, IV sıraya qalxıb. 28 yaşlı hücumçu avrokuboklarda da, yığmada da 6 dəfə qol sevinci yaşayıb.