Milli komandanın hər futbolçusuna 80 litr pivə veriləcək
07.10.2009 - 17:13
Milli komandanın hər futbolçusuna 80 litr pivə veriləcək
Slovakiya milli komandasının futbolçularına Sloveniya üzərində qələbə qazanacaqları halda qeyri-adi hədiyyəyə sahib çıxacaqlar. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbə qazanacaqları təqdirdə, hər oyunçu 80 litr pivə alacaq.

Buna söz verən çex pivəçəkən Stanislav Bernardın məhz bu rəqəmi seçməsi təsadüfi deyil. Belə ki, Slovakiya sakini bir ildə orta hesabla 80 litr pivə içir. Bernard oktyabrın 10-da Slovakiyada keçiriləcək bu rəsmi oyunda meydan sahiblərinin qələbə qazanacağına ümid edir.

Qeyd edək ki, Çexiya Slovakiya ilə bir qrupda yer alsa da, dünya çempionatına çıxmaq şansını itirib. 19 xalla qrupa başçılıq edən slovaklar ən yaxın izləyicisi Sloveniyanı 5 xal qabaqlayır. Onlara 1-ci yerin sahibi kimi dünya çempionatına birbaşa çıxmaq üçün qalan iki oyunda bir qələbə, yaxud iki xal kifayətdir. Slovakiya Sloveniyanı məğlub edərsə, Polşa ilə son görüşə qədər vəsiqəyə sahib çıxacaq.