“Azərbaycanı bu heyətlə də məğlub edə bilərik”
08.10.2009 - 11:14
“Azərbaycanı bu heyətlə də məğlub edə bilərik”
“Azərbaycanla Bakıdakı oyunu yaxşı xatırlayıram. Çox gərgin keçən qarşılaşmada komandamız yaxşı müdafiə olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lixtenşteyn yığmasının futbolçusu Frans Burqmeyer deyib.

Dünya çempionatının seçmə mərhələsinin Bakıda keçirilmiş Azərbaycan – Lixtenşteyn oyununda müdafiənin sol cinahında oynamalı olan yarımmüdafiəçi həmin görüşdə hücumçumuz Vaqif Cavadova göz açmağa imkan verməmişdi. “Vaduts” klubunun şərəfini qoruyan Burqmeyer oktyabrın 10-da doğma divarlar arasındakı matçda da hansı mövqedə oynamağın fərqi olmadığını düşünür: “Elə təsəvvür yarana bilər ki, həmin oyundakı uğurlu çıxışıma görə yenidən müdafiənin sol cinahında yer alacağam. Lakin mən məşqçinin tapşırığı ilə harada lazım gəlsə oynaya bilərəm. Məşqçimiz də aqressiv oyunçu olduğumu bilir. Klubumda olduğu kimi, orta sahədə oynamağım da istisna deyil. Lakin ciddi itkilərimiz olduğundan harada ehtiyac olsa orada da oynamağa razıyam”.

Frans matç ərəfəsində ciddi itkilərlə üzləşmələrinin də nəticəyə təsir etməyəcəyini düşünür: “İtkilərdən danışsaq, meydana çıxacaq futbolçulara qarşı haqsızlıq etmiş olarıq. Məndə belə bir hiss var ki, onları əvəzləyəcək oyunçular daha artığını verməyə qadirdir. Azərbaycan yığmasını bu heyətlə də məğlub edə biləcəyimizə əminəm”.

Qeyd edək ki, Burqmeyer yığmadakı 57 matça 7 qol vurub.
0